Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının fəalı Natiq Mehdi iş yoldaşı tərəfindən qətlə yetirilib. Məlumata görə, 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, Natiq Mehdi Bakı şəhəri, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyirmiş.
Hadisəni törətməkdə şübhəli bilinən Elsevər İslamov sözügedən məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub. O, ixtisasca fiziki idman müəllimidir.

Cinayətin başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
***
Daha bir xüsusilə ağır cinayət isti izlərlə açılıb.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Cari il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
Məlumat əsasında Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
***
İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirilməsi məlum olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Polis tərəfindən müəyyən edilib ki, 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilib.
Elsəvər İslamov saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırma aparılır.
Qeyd edək ki, Natiq Mehdi Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.
***
Azərbaycanda müxalif Müsavat Partiyasının fəalı Natiq Mehdinin (Ulubəy) yoxa çıxdığı deyilir.

Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Müstafa Hacıbəyli özünün “facebook” səhifəsində məlumat verib.
Bildirib ki, N.Mehdi mayın 10-da yaşadığı Bakı şəhərində öz şəxsi avtomobili ilə birlikdə yoxa çıxıb, onun haqqında məlumat almaq mümkün deyil: "Yaxınları məsələ ilə bağlı 37-ci polis bölməsinə ərizə ilə müraciət ediblər. Biz də məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq, amma, hələlik, heç bir məlumat yoxdur. Onun telefonuna da zəng çatmır".
N.Mehdi Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmüşdü, qurultaya bir neçə gün qalmış namizədliyini geri götürmüşdü.
Müsavat Partiyasının qurultayı mayın 4-də olub. Orada 1992-ci ildən 2014-cü ilə qədər bu partiyaya rəhbərlik edən İsa Qəmbər yenidən Müsavat başqanı seçilib.
“AzPolitika.info”

Şərhlər