Dünyaya sözdə ədalət demokratiya, azadlıq, müstəqillik və s. dərsləri keçməyə çalışan Fransa həm keçmiş tarixində, həm də bugünkü davranışlarında nə qədər qeyri-səmimi və riyakar siyasət yürütdüyünü dəfələrlə sübut edib. Bu gün Parisdən 17 min(!) kilometr uzaqlıqda yerləşən, 1853-cü ildə müstəmləkə altına aldığı Yeni Kaledoniyada törətdiyi hərbi cinayətlər də bunun növbəti nümunəsidir.

Məlumat üçün bildirək ki, Fransa ayaq basdığı ilk günlərdən bu adada özünü işğalçı, müstəmləkəçi kimi aparıb. 1864-1896-cı illərdə Fransa hökuməti məhkum etdiyi cinayətkarları bu adaya sürgün edirdi. Fransızlar həmin illərdən adanın təbii sərvətlərini - nikel, kobalt, xrom, dəmir, manqan, qızıl, qurğuşun və s. hasil edib talamaqla məşğul olublar. 1946-cı ildə Yeni Kaledoniyaya Fransanın xaricdəki ərazisi statusu verilib. Lakin bir müddət sonra yerli əhali bununla barışmayıb və mübarizəyə başlayıb. 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində adaya müstəqillik verilməsini tələb edən əhaliyə divan tutulub.

İndi isə kaledoniyalılar Fransanın irticaçı siyasətinin növbəti təzahürü ilə üz-üzə qalıblar. Belə ki, Fransa hökuməti Yeni Kaledoniyanı bundan sonra da müstəmləkə kimi öz əsarətində saxlamaq, adanın yerli sakinləri olan kanakları assimiliasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Məqsəd əhalinin etnik tərkibini, bununla da siyasi baxış və istiqamətini dəyişməkdir.

Beləliklə, Fransadan müstəqillik tələb edən kanakları öz vətənlərində azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin, xalqının iradəsini ayaqlar altına atmağa çalışır. Bunun üçün də adaya qanunsuz olaraq doldurulan miqrantlara səs hüququ verilir ki, referendumda rəsmi Parisin istədiyi nəticəni əldə edə bilsinlər – ölkə bundan sonra da əsarətdə qalsın. Adada baş qaldıran haqlı etirazlar da bununla bağlıdır.

Bundan öncə, Yeni Kaledoniyanın müstəqillik tərəfdarı olan yerli əhalisi və onun lierləri uzun müddət Fransa hökumətini adada seçki kütləsinin sayının artırılmasına xidmət edən və tam qanunsuz olan qanun layihəsinin qəbulunu dayandırmağa çağırıb. Lakin “azadlıq mücəssiməsi” olan Fransa yerli əhalinin haqlı çağırışlarına məhəl qoymadı. Baxmayaraq ki, bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyada pis nəticələrə gətirib çıxaracağına dair çoxsaylı xəbərdarlıqlar edilib.


Həmin qüvvələr Fransa hökumətini dialoqa çağırır, Yeni Kaledoniyaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsinin ədalətsizlik olduğunu və işğalçılıq düşüncəsindən, baxışından irəli gəldiyini bildirirdilər. Lakin demokratiyadan dəm vurmağı sevən, Azərbaycan da daxil olmaqla, bir çox dünya ölkələrinə “dərs keçmək” istəyən, hətta təzyiqlər etməyə çalışan Fransa Hökuməti həmin qanunsuz layihəni dünyanın bəlkə də ən biabırçı parlamentlərindən biri olan Fransa Parlamentinin hər iki palatasında qaldıraraq, qəbul etdirib. Bununla da kaledoniyalıları boyunduruq altılnda saxlamaqda davam edən Paris adadakı haqlı müstəqillik istəklərinə və etirazlara birdəfəlik son qoymaq üçün addımlar atır.

Yerli əhali isə geri çəkilmək fikrində deyil. Bu insanlar məsələn, Qarabağ ermənilərindən fərqli olaraq, o torpaqlara gəlmə deyillər, min illərdir adada yaşayırlar. Lakin Qarabağdakı ermənilər üçün dəridən-qabıqdan çıxan Makron hökuməti nədənsə gerçəkdən müstəqilliyə layiq olan, buna haqqı olan, öz torpaqlarında müstəqil dövlət olaraq yaşamaq istəyən yerl əhaliyə azadlıq vermək əvəzinə, divan tutmağa üstünlük verir.


Buna görə də Fransa Hökuməti öz ordusunu adaya yeridərək, faktiki növbəti işğalçılıq aktını həyata keçirib. Nəticədə artıq 10-a yaxın həlak olan, 200-ə qədər yaralı var. Budurmu, Fransanın demokratiyası, insan haqları və s. anlayışları? Gücünü silahsız insanlara göstərən Fransa dünyaya hansı siqnalları verir? Bundan sonra kim onun o ölkəyə, bu ölkəyə “demokratiya” adı ilə burun soxub daxili işlərinə qarışmasına göz yumacaq? Özünü ən axırıncı diktatura, işğalçı ölkə kimi aparan Fransanın doğrudanmı BMT TŞ-nin daimi üzvü olmaq üçün mənəvi haqqı var?

Rəsmi Paris öz acvizliyini və cinayətlərini gizlətmək üçün adada sosial şəbəkələri, xüsusilə də TikTok-u blok edib. Budurmu Parisin söz azadlığı anlayışı? Nəyi və kimdən gizlədirlər? Təsadüfi deyil ki, Yeni Kaledoniya əhalisi bütün internetin kəsilə biləcəyindən, ordunun həmin an adada qətliamlar, vəhşiliklər tərədə biləcəyindən qorxur. Çünki Fransa hökumətini və fransızları yaxşı tanıyırlar, bu dövlətin işğalçılıq tarixindən xəbərdardırlar.

Bütün çapalamalarına rəğmən Fransa hökuməti öz çirkin əməllərini dünyadan gizlətməkdə çətinlik çəkir. BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində hazırda iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa hökuməti tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırıb. Qeyd edib ki, Fransanın qətlə yetirdiyi və yaraladığı etirazçıların arasında çoxlu sayda gənclər var.

Məsələnin ən əcaib tərəflərindən biri isə Fransa rəsmilərinin utanmadan ölkəmizdən 10 min kilometrdən artıq məsafədəki Yeni Kaledoniyada baş verənlərdə Azərbaycanın əlinin olduğunu iddia etməsidir. Daxili işlər naziri Jerard Darmanen Fransa jandarmalarının adada törətdiyi vəhşiliklərə haqq qazandıraraq, toqquşmaların səbəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib.

Həyasızcasına növbəti şərləmə kampaniyasına başlayan Fransa hökuməti adanın yerli sakinlərinin haqlı tələblərinə əməl etmək əvəzinə Azərbaycan da daxil olmaqla, xarici dövlətləri ittiham edir. Bu çirkin iddia Azərbaycan tərəfini rəsmi bəyanatla çıxış etməyə məcbur etdi. Adanın əhalisinə müstəqillik vermək əvəzinə riyakarlıq edir, işğalı davam etdirməyə çalışır. Fransız mediası isə əlbəttə ki, bunları “görmür” və işıqlandırmır.

Onu da qeyd edək ki, kaledonyalıların adından çıxış edən yerli qüvvələri bu torpaqların gerçək sahibi olan Kanak xalqı seçib. Kaledoniyalılar yerli seçkiləri silahla deyil, məhz demokratik yolla keçirilmiş seçkilər vasitəsilə udublar və həmin yolla da müstəqil əldə etməyə layiqdirlər. Fransa isə gec-tez bununla barışmalı olacaq. Çünki dünyada heç bir müstəmləkəçi, işğalçı, qatil dövlət sona qədər qanla, qətliamlarla əldə etdiklərini özündə saxlaya bilməyib və bilməyəcək də.

Elxan Məmmədov

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanmışdır.