“Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub”.
“AzPolitika” xəbər verir ki, bunu iqtisadçı, deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib: “Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub”.
Deputat vurğulayır ki, rəqəmlərdən göründüyü kimi, ümumi xərcləmədə ərzaq məhsullarının payı yüksək olaraq qalır.
“Bu o deməkdir ki, vətəndaşlar xərclədikləri hər 100 manatın 51 manatını, yəni yarıdan çoxunu ərzağın alınmasına yönəldiblər. İnkişaf etmiş ölkələrdə ümumi istehlakın ¼-i ərzaq məhsullarının alınmasına yönəldilir” – deyə, iqtisadçı əlavə edib.
V.Bayramov onun da qeyd edir ki, ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələblə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsrsiz deyil: “İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Ərzaq məhsullarının daha çox xərc payına malik olması yığım imkanlarını da məhdudlaşdırır”.
“AzPolitika.info”

Şərhlər
Bu həm də əhalinin çox az pulunun olmasını ifadə edir. İnsanların o qədər az pulu var ki, qarnına güclə çatır. Məncə ümumi 51 faiz bunu ifadə edir. Hələ statistikanın gerəklikdən fərqləndiyini də nəzərə alsaq...
Fransa xalqı yeyib-içib keyf eyləyir. Xalqımızın ümummilli şüarı: "Aclıq olsun, keyf olsun"