Məlum olduğu kimi, ABŞ Ukrayna müharibəsinin ilk günlərindən onun silahları ilə Rusiya ərazisinin vurulmasını Ukraynaya qadağan edib. Bu da ABŞ administrasiyasının bildirdiyinə görə, eskalasiyanın artmasının qarşısını almaq məqəsədi güdüb. Lakin Rusiyanın Xarkov istiqamətində hücuma keçməsi vəziyyəti dəyişib. Ukrayna tərəfi Rusiya ərazisini vura bilmədiyi üçün Rusiya qoşunları asanlıqla Xarkovun 30 kilometrliyindəki sərhəd ərazisinə toplaşaraq, oradan sərhədi keçiblər. Bu səbəbdən həm Ukrayna, həm də onun bir çox tərəfdaşları ABŞ-nin bu qadağanı götürməsini tələb edirlər.
“AzPolitika” xəbər verir ki, “New York Times” nəşrinin yazdığına görə, ABŞ rəhbərliyində bu məsələyə yanaşmada dəyişiklik nəzərə çarpır və yaxın zamanda Ukraynaya Rusiya ərazisini vurmaq qadağası aradan götürülə bilər. Qəzet öz mənbələrinə istinadla yazır ki, hazırda ABŞ Prezident Administrasiyası daxilində bu qadağanın yumşaldılması ilə bağlı fəal müzakirələr gedir.
Qeyd olunur ki, ABŞ Dövlət katibi Entoni Blinkenin ötən həftə Kiyevə səfərindən sonra irəli sürdüyü təklif hələ də formalaşma mərhələsindədir: “Bu təklif hələ də ənənəvi olaraq ən ehtiyatlı davranan prezidentə rəsmi şəkildə təqdim olunmayıb”.
Yazıda qeyd olunur ki, müzakirədə iştirak edən rəsmilər Blinkenin mövqeyinin rusların dağıdıcı nəticələrlə yeni Xarkov cəbhəsi açması səbəbindən dəyişdiyini bildiriblər.
Son günlərdə başqa bir dəyişiklik də ortaya çıxıb. Müdafiə naziri Lloyd Ostin təklif edib ki, Ukraynaya qoyulan qadağalar uzaqdan Ukrayna şəhərlərini bombalayan Rusiya təyyarələrinin vurulmasına şamil edilməsin: “Eyni zamanda, Bayden və onun bəzi köməkçiləri Putinin daha sərt reaksiyasına səbəb olacaq “qırmızı xəttin” mövcudluğuna və onun keçilməsi riskinə inanmaqda davam edirlər. Lakin onlar sadəcə olaraq, bunun harada olduğunu və Putinin reaksiyasının nə ola biləcəyini bilmirlər”.
“AzPolitika.info”


Şərhlər