“Ukraynada iki milyon rusiyalı ölsə belə heç nə dəyişməyəcək”
Rusiya Ukraynada başlatdığı müharibənin ilk həftəsində öz itkiləri barəsində məlumat vermişdi. Sonradan itkilər gözlənilməz səviyyədə artdığından bu barədə uzun müddət susdular. Ancaq bir ildən sonra Şoyqu Ukraynada ölən rus əsgərlərinin sayının təxminən 6000 nəfər olduğunu bildirmişdi. O vaxtdan indiyədək Rusiya öz itkilləri barəsində susur. Ekspertlər isə yalnız Putinin ordunun sayı haqqındakı sözləri əsasında təxmini nəticələr çıxarmağa çalışıblar.
Ümumiyyətlə, hesab olunur ki, Rusiya ordusu Ukraynada ölü və yaralı birlikdə 500 min nəfər itki verib. İndi hamını düşündürən məsələlərdən biri də hansı sayda itkilərin Rusiya cəmiyyətini silkələyib etiraza qaldıra biləcəyidir.
“AzPolitika” xəbər verir ki, Ukraynanın ”qlavred.info” saytı sözügedən məsələ ilə bağlı sosioloq və publisist, bir neçə kitabın müəllifi İqor Eydmanla söbətləşib.
Həmin müsahibəni təqdim edirik:
-Putin heç bir cavabdehlik daşımadan Ukraynada hələ neçə milyon adamı qurban verə bilər? Hansı rəqəm rusiyalıları üsyana qaldırar və onlar nə zaman bu müharibənin Rusiya üçün hədsiz ağır olduğunu deməyə başlayarlar?
- Belə bir rəqəm mövcud deyil. Rusiyalıların əksəriyyəti hakimiyyət tərəfindən təbliğat və zorakılıq vasitəsi ilə idarə edilirlər. Hakimiyyətin əlində güc vasitləri durduqca, nələrin baş verməsindən asılı olmayaraq, kütlə tabeçilikdən, itaətdən heç vaxt çıxmayacaq. Ona görə də Ukraynada 500 min, bir milyon və hətta iki milyon rusiyalının ölməsi heç nəyi dəyişməyəcək. Əgər Rusiyanın əvəzinə müstəqil ictimai fikrə və ağıllı vətəndaşlara malik hər hansı bir demokratik ölkə olsaydı, onda yüz nəfərin ölümü hakimiyyətin süpürülməsi ilə nəticələnərdi. Amma çox təəsüf olsun ki, Rusiya belə bir ölkə deyil. Ona görə də müəyyən sayda itki verdikdən sonra rusiyalıların “ayılacağna” ümid bəsləmək əbəsdir. Bu, yalnız federal mərkəzin, zorakılıq vasitələrinin zəifləməsi halında ola bilər. Priqojinin qiyamı zamanı mərkəzləşmənin zəifləməsi baş vermişdi. Onda mərkəzləşdirilmiş zorakılıq instrumentinin bir hissəsi Kremlin əlindəydisə, digər hissəsi də Priqojinin əlindəydi. Belə bir vəziyyətdə ictimai düşüncə qiyamçıların dəstəklənməsinə doğru meyllənirdi. İndi belə bir şey yoxdur və hər şey inhisara alınıb, hər şey artıq bütövlüklə Kremlin əlindədir.
-Bəs qadınların etirazları? Həqiqətənmi Rusiyada qadınlar dəfn mərasimlərinə sonsuzadək dözəcəklər?
- Anaların əksəriyyəti etiraz etməyə qorxur. Çox az adam etiraz edir. Əgər dövlət ixtiyarındakı sərt total zorakılıq vasitələrinə tam nəzarət edə bilirsə, onda geniş miqyaslı hər hansı nümayiş və etirazı gözləməyə dəyməz. İctimaiyyətin fəal hərəkatı həmişə demokratik ölklərdə baş qaldırır, məsələn, vaxtilə Vyetnam müharibəsi zamanı ABŞ-də çoxsaylı etiraz nümayişləri olmuşdu. Ancaq Rusiyada vəziyyət tamamilə fərqlidir. Rusiyada müharibənin əleyhinə çıxış edən istənilən adamı dərhal tutub türməyə soxacaqlar.
Bu müharibə nəinki mənəviyyatsizlıqdır, hələ üstəlik iqtisadi-siyasi cəhətdən də qeyri-məhsuldardır. Ona görə də indi Rusiya dövləti muzdluları baha qiymətə alır, amma onlardan dəyərsiz bir əşya kimi istifadə edir. Yeri gəlmişkən, Şoyqunun yerinə iqtisadçı Belousovun təyin edilməsinin səbəbi onunla əlaqəlidir ki, Kreml hər şeyə qənaətlə yanaşmaq istəyir.
-Rusiya Federasiyasının məhdudiyyətsiz insan və səfərbərlik resursuna malik olması obyektiv reallıqdır, yoxsa əfsanə?
- Bu, tamamilə əfsanədir. Biz Rusiya hakimiyyətinin səfərbərliyə getmədiyini görürük və onlar muzdlular cəlb etmək istəyirlər. Amma Kremlin topladığı muzdlular tezliklə sıradan çıxırlar. Demək olar ki, müqaviləçilər artıq qurtarır. Rusiya hakimiyyəti yeni səfərbərlik dalğasına getmək istəmir, çünki bu, cəmiyyəti qorxudur, əhali ölkədən qaçmağa başlayır. 2022-ci ildə biz Rusiya əhalisinin ölkədən kütələvi qaçışını gördük. Belə vəziyyət iqtisadiyyata və cəmiyyətin sabitliyinə zərbə vurur. O zaman baş verənlər Putin rejimi üçün xoşagəlməzdi, elə bu səbəbdən də onlar növbəti səfərbərlik dalğasına getmək niyyətində deyillər. Yeni səfərbərlik dalğası olmadığından Rusiyanın döyüşçü resursu məhdudlaşır.
- 2024-cü ilin 1 noyabrından Rusiyada hərbi qeydiyyat reyestri işə düşür. Belə anlaşılır ki, çağırış vərəqəsi təqdim edildikdən sonra hərbi mükəlləfiyyətlilərin Rusiyanı tərk etməsinə qadağa qoyulacaq. Necə hesab edirsiniz, bu cür yenilik çağrış yaşı çatmış rusiyalıların yaxın aylarda aktiv şəkildə ölkəni tərk etməsi ilə nəticələnəckmi?
- Hazırda Rusiyada vəziyyətin nomallaşamsı ilə bağlı müəyyən bir hiss yaşanır və orada hər şeyin istənilən anda radikal şəkildə dəyişə biləcəyini təsəvvürə belə gətirmirlər. Ona görə də yeni səfərbərliyin başlanmasına qədər Rusiyadan heç bir kütləvi qaçış olmayacaq. Kimlərsə gedəcək, amma kütləvi yox.
Vaqif Nəsibov
“AzPolitika.info”

Şərhlər