Menu

2.8 milyardlıq satınalma rəqabətsiz həyata keçirilib – Dövlət qurumları niyə ilin sonunu gözləyir?

29.05.2024, 13:12
2.8 milyardlıq satınalma rəqabətsiz həyata keçirilib – Dövlət qurumları niyə ilin sonunu gözləyir?

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda dövlət satınalmalarına 7 milyard 546 milyon manat sərf edilib. Bu, 2022-ci ildəki 6 milyard 779 milyon manatlıq satınalmalarla müqayisədə 767 milyon manat və ya 11 faizdən çox artıb.

Ötən il ölkədə bir mənbədən, yəni rəqabətsiz satınalmaların həcmi 2 milyard 856 milyon manat olub. Başqa sözlə, bütün satınalmaların, məbləğ olaraq, 38 faizi rəqabətsiz satınalma metodu ilə aparılıb.

2022-ci ildə bir mənbədən satınalmaların həcmi 2 milyard 779 milyon manat, ümumi həcmdəki payı 34 faizə yaxın idi.

2022-ci ildə toplam 12 min 102 dövlət satınalmasının 35 faizi (4 min 278) bir mənbədən satınalma şəklində gerçəkləşdirilmişdi. Ötən il toplam 12 min 483 dövlət satınalması olub. Bunun da 37 faizi (4 min 665) rəqabətsiz şəkildə baş tutub.

2023-cü ildə baş tutan dövlət satınalmalarının, məbləğ olaraq, 48 faizi açıq tender, 13 faizi təkliflər sorğusu, 0.8 faizi isə kotirovka sorğusu şəklində həyata keçirilib.

Dövlət satınalmaları ilə bağlı açıqlanan göstəricilərdən bəlli olur ki, bu satınalmaların böyük bölümü ilin sonunda baş tutur. Ötən il Azərbaycanda aparılan dövlət satınalmalarının (12 min 483) 35 faizi ilin son rübündə gerçəkləşdirilib və il ərzində ən çox dövlət satınalması məhz dördüncü rübdə baş tutub.

Hesablama Palatasının 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində qeyd edilir ki, dövlət satınalmalarının, əsasən, ilin sonunda aparılması bir sıra risklər yaradır və dövlət satınalmaları ilə bağlı planlaşdırmada boşluqların olduğunu göstərir.

Satınalmaların ilin sonunda həyata keçirilməsi dövlət maliyyəsi üçün bir sıra risklər doğurur. Belə ki, bu hal ilin sonunda istifadə edilməyən vəsaitin bank hesablarına, akkreditiv hesablara yönəldilməsinə yol açır, eyni zamanda ilkin ödəniş (avans) üçün əhəmiyyətli məbləğin podratçılara köçürülməsinə, bununla da ilin sonunda qabaqcadan ödəniş məbləğlərinin artımına səbəb olur. Dövlət satınalmalarının daha çox ilin dördüncü rübündə keçirilməsi planlaşdırma işinin satın alan təşkilatlar tərəfindən düzgün aparılmamasından, satın alan təşkilatların bu sahədə yetərincə səriştəsinin olmamasından qaynaqlanır. Satınalmanın baş tutması üçün bəzi mal və xidmətlərin təchizatı ilə məşğul olan podratçıların say yetərsizliyi və ya uyğun bazarın, hələ ki, tam formalaşmaması və s. amillər də bunda mənfi rol oynayır.

Bu il yanvarın 1-dən Azərbaycanda dövlət satınalmaları ilə bağlı yeni qanun qüvvəyə minib. Həmin qanunda satınalmalara dair yeniliklərin tətbiqi nəzərdə tutulub. Yeni qanuna görə, dövlət satınalmaları yalnız portal vasitəsilə aparılacaq. Təkliflərin cəlb edilməsi barədə elanlar portalda yerləşdiriləcək, məxfi məlumatlarla əlaqəli satınalma və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarda həyata keçiriləcək.

Ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilməlidir. Ehtimal olunan qiymət 100 min manatdan az olduqda satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol