Qusarın icra başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncama imzalayıb.

Şair Balaşərif oğlu Alxasov Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"AzPolitika" xatırladır ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

***

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Şair Alxasovun əmlaklarının siyahısı da yayılıb.

Həmin siyahını təqdim edirik:

- Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;
- Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;
- 6 nömrəli məktəbin yanında hotel;
- Nəriman Nərimanov parkında restoran;
- Bayraq meydanının yaxınlığında 2 hotel;
- Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi.

Məlumata görə, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış. Bildirilir ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.

"AzPolitika. info"