Etibar Əliyev, millət vəkili
Uşaq ədəbiyyatını uşaqlar yazmır. Onu böyüklər yazırlar, oxuyurlar, tənqid edirlər, dərslər keçirlər, ən çox isə həmin kitabları elə böyüklər alırlar.
Uşaqların roman yazması nadir haldır, şeir yazmalarını isə xoş qarşılayırıq. Ancaq onların musiqidə, şahmatda, riyaziyyatda istedalarını gördükdə sevinirik, Hər bir uşaqda dahilik gizlənir, lakin əksər hallarda onlar yaşlaşdıqca dahiliyi itirirlər. Uşaqlar hiss edirlər, görür və eşidirlər, sual verirlər, özlərinə yeni dünya yaradırlar. Böyüklər onların suallarına dolğun cavablar vermədikcə, uşaq dahiliyi sönməyə başlayır.
Dahi Kant doğruçuluğu - uşaq xarakterinin əsas cizgilərindən biri sayırdı: "Yalan danışan uşaq heç bir xarakterə malik olmur. Uşaqlara yalnız onların yaşına uyğun şeyləri öyrətmək lazımdır. Əgər uşaqları lap kiçik yaşlarından yaşlılar kimi danışa bilirlərsə, bir çox valideyinlər buna sevinirlər. Uşaqlar ona lazım olan qədər ağıllı olmalıdır. O, kor-koranə təqlid etməməlidir. Əgər uşaq qocalara xas olan nəsihət verirsə, bu onun təbiətinə ziddir və onu meymuna çevirir.”
Mən bir neçə Nobel mükafatı laureatı, böyük riyaziyyatçıların bioqrafiyası ilə tanışlıqdan görmüşəm ki, onlar formalaşmalarında «Nils Xolqerssonun İsveçdə möcüzəli səyahəti» nağılını nümunə gətiriblər. Bu nağılın müəllifi 1909-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Selma Laqerleyfdir. Mükəmməl bir nağıl dahilərin uşaq vaxtlarında dünyagörüşünü formalaşdırıb və onlarda oxumağa həvəs yaradıb.
Uşaqlar üçün kitablar düşünülmüş və mövcud təcrübələrə istinadən yazılmalıdır. Nə qədər istedadlı uşaq itirmişik? Məncə, saysız-hesabsız. Məktəbin vəzifəsi uşağın şüurunu ən müxtəlif məlumatlarla doldurmaqdan yox, onda hər bir insanın malik olduğu qabiliyyət və təmayülləri, istedad nişanələrini oyatmaq və inkişaf etdirməkdən ibarətdir.
Görkəmli italyan kinorejissoru, 5 Oskar mükafatı, Kann kinofestivalı "Qızıl palma budağı" laureatı Federiko Fellini uşaqlar haqqında gözəl yazıb: "Günahkar axtarmağa cəhd göstərməyin, biz hamımız uşağın mənəvi tərbiyəsinə başdansovdu yanaşırıq. Onun gördüyü işləri, düşüncələrini tamamilə səhv hesab edirik. Əslində, uşağın hər addımına düzəliş vermək düzgün deyil. Nəzərə almaq lazımdır ki, uşaq dünyanın ən qəribə, bənzərsiz, izaholunmaz məxluqudur. Onun ətraf mühitlə, dünya ilə vaxtından əvvəl təmasa girməsinə imkan vermək, beynini cəfəngiyyatla doldurmaq olmaz. Biz bu işdə övladımıza yardım əlimizi uzatmalı, hətta özümüzün unutduğumuz bilgiləri tapıb uşağa verməliyik. Adətən, valideynlər bu işin əksini görürlər: özlərinə məlum olan bir-iki axmaq həqiqətin böyür-başını bəzəyib uşağın beyninə yeridir, əvəzində ondan heç nə tələb etmirlər. Hələ bir valideynə rast gəlməmişəm ki, əyilib uşağının qulağına pıçıldasın: Əzizim nə işlə məşğulsan? Nəyəsə ehtiyacın varmı? Sən yağışı, pişiyi necə görürsən? Gecə yuxuna nə girib? Qorxulu yuxu görməmisən ki? Başımız gündəlik qayğılara qarışıb övladımıza kifayət qədər vaxt və diqqət ayıra bilmir, həyatın gerçək üzünü onlara izah etmirik.
Çəkməyi arzuladığım film həyata uşaqların gözü ilə baxış olmalı idi. Sevgi, nifrət, xoşbəxtlik kimi hisslər onlarda hansı təəssurat oyadır? Məncə, uşaqların zəngin mənəvi dünyası var, onların qəlbi dəfinənin saxlandığı seyf, yaxud fontan vura biləcək neft quyusu kimidir. Burada o qədər sirr var ki, hamısını çözməyə ömür yetməz."
P.S. Dahi Eynşteynin "Uşaqlara məktub"u şedevrdir. O, etiraf edib ki, yazılarında onu ən çox düşündürən uşaqlara uyğun fikirləri dəqiq seçmək olub...
UŞAQLARI QORUYAQ!

Şərhlər
Hörmetli cenab Etibar Əliyev, millət vəkili , siz əgər , həqiqətən uşaqları sevirsinizsə,
müraciət edin hökümətə və xahiş edin ki , uşaq pulu verilsin , uşaqlar normal qidalansın.
Sözdə necə də asandır - ildə 1 dəfə "Sizi sevirəm, uşaqlar" başlıqlı məqalə yazmaq)) Uşaqları sevirsinizsə, onların atasız böyümələrinə səbəb olmayın. Milli Məclisdə kefinə düşəndə boşanmaq istəyən analar üçün sərt qadağalar, qanunlar qəbul edin!