Son zamanlar Xəzər dənizində suyun səviyyəsinin enməsi müşahidə olunur və bu problem gündəmdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilir. Lakin o da qeyd edilməlidir ki, suyun enməsi bugünün məsələsi deyil və hələ Sovet dönəmindən bu problem mövcud idi.
Xəzərin səviyyəsinin enməsi tarixçəsi və problemin gələcək perspektivi barədə maraqlı fikirləri olan hüquqşünas Ələmdar Məmmədov “AzPolitika”-ya açıqlamasında bu mövzuyla bağlı biliklərini paylaşıb:
- Ələmdar bəy, əksər alimlər Xəzər dənizində suyun səviyyəsinin enmə mərhələsinin son 20-30 ildir davam etdiyini və prosesin qarşısını almağın mümkün olmadığını bildirirlər. Məlumata görə, suyun səviyyəsi son 10 ildə təxminən 2 metr enib. Bimək istərdik ki, keçmiş dönəmdə mövcud problemin həllinə dair hansısa addımlar atılıbmı?
- Xəzərin suyunun səviyyəsinin enməsi ilə bağlı çoxlu məqalələr, araşdırmalar, elmi yazılar var. Yadımdadır ki, 1970-ci illərdə SSRİ Nazirlər Sovetinin şimal dənizlərinin Xəzərə axıdılması ilə bağlı qararı var idi. Bu qərar 1985-ci ildə ləğv olundu. Həmin vaxtlar da suyun səviyyəsinin enib-qalxması ilə bağlı çox söz-söhbət gəzirdi. Sovet hökuməti Xəzərdə suyun səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün Türkmənistan tərəfdən Qaraboğazqol kanalını bağladı. Bura dəniz səviyyəsindən 4 metr aşağıda idi və Xəzərdən bu kanala Kür çayı səviyyəsində su axırdı. Dünya duz ehtiyatının 20-25 faizinin toplandığı bu kanalı bağlasalar da, heç bir xeyri olmadı. Kanalı da sonradan bərpa edə bilmədilər. Sovet dönəmində belə bunun səbəbini tapmaq mümkün olmadı. Lazımsız layihələrə külli miqdarda vəsait sərf olundu və heç bir nəticə vermədi...
- Sizcə bu, təbii bir prosesdir? Bəzi alimlər Volqa çayı üzərində tikilən bəndlərin Xəzərin səviyyəsinə təsir etdiyini bildirirlər.
- Vaxtilə mənim də tanıdığım Əlisa Axundov adlı biologiya üzrə fəlsəfə doktoru bunun səbəbini çox gözəl izah etmişdi. O, həmin illərdə qəzet və televiziyadakı çıxışlarında bildirmişdi ki, təşvişə gərək yoxdur. Deməli, Xəzər dənizinin səviyyəsinin enib-qalxması 70 illik bir periodu əhatə edir. 35 il suyun səviyyəsi azalır, 35 il isə artır. İndi alimlər danışırlar ki, guya Volqa çayında 9 bənd tikilib və bu, Xəzərin səviyyəsinə təsir edir. 99 bənd tikilsə də, o bəndlər açılsa da, Xəzər dənizində enmə başladısa, bunun qarşısını almaq mümkün olmayacaq. Əlbəttə, bu, təbii bir prosesdir. Ə. Axundov həm də Lənkəranda bitkiçilik instututunun zonal təcrübə stansiyasının direktoru vəzifəsində çalışırdı. O, 1920-ci illərə aid rəsmlər göstəmişdi. Həmin vaxt Lənkəranın girəcəyində balıq vətəgələrinin olduğu yer vari idi. Ancaq 1940-1950-ci illərə aid rəsmlərdə görünürdü ki, suyun səviyyəsi artıb və o yerlər suyun altında qalıb.
- Xəzərdə suyun səviyyəsinin 2050-ci ilə qədər aşağı düşəcəyi deyilir. Bu fikirlə razısınızmı?
- Xeyr. Xəzərin səviyyəsi hələ 5-6 il də aşağı düşəcək. Qeyd etdiyim kimi, 70 illik bir period var. Düşmə həddi və qalxma həddində 10 il durğunluq dövrü olur. Xəzərdə suyun səviyyəsinin aşağı enməsi 6-7 il ərzində dayanacaq. Durğunluq dövrü olacaq, sonra isə yenidnən suyun səviyyəsi artacaq.
"AzPolitika.info"


Şərhlər
SƏBƏBİ ZƏLZƏLƏ