Azərbayacanda illər öncə qüvvəyə minən, lakin hələ də icra olunmayan, müəyyən edimiş qaydalara əməl edilmədiyindən sadəcə kağız parçası üzərində qalan xeyli sayda qanun var.

Onlardan biri də ölkə başçısının 2017-ci ildə imzaladığı – “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanundur. Müvafiq qanun bir sıra yerlərdə tütün məmulatlarından istifadəni qadağan edir. Qanuna əsasən, açıq hava məkanları və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla, təhsil, səhiyyə, sanatoriya-kurort müəssisələrində, bütün idarə və təşkilatlarda, idman zallarında, ictimai-iaşə obyektləri və bu kimi bir sıra yerlərdə tütün məmulatlarından istifadəyə icazə verilmir.

Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da tütün məmulatlarından istifadə edənlərin sayı kifayət qədər çoxdur.

Təqdiqatlara görə, ölkədə hər 10 nəfərdən biri siqaret çəkir ki, bu da təxminən 1 milyon insan edir. Siqaret istifadəçilərinin sayı çox olsa da, sözügedən qanuna nə paytaxtda, nə də bölgələrdəki müəssisə və obyektlərdə əməl olunmur. Azərbaycanda bu qadağa ən yaxşı halda metro və hava limanlarında işləyir.

İllərdir paytaxt Bakı başda olmaqla, ölkənin dört bir yerindəki ictimai iaşə obyektlərində tütün məmulatlarından geniş və məhdudiyyətsiz şəkildə istifadə olunur. Bunun qarşısını almaq adına demək olar ki, heç bir tədbir görülmür.

Əminliklə deyə bilərik ki, bu gün müvafiq qurumlar tərəfindən paytaxtdakı kafe-restoran tipli müəssisələrdə yoxlama aparılsa, ən yaxşı halda onundan birində bu qadağaya əməl olunduğu üzə çıxacaq. Bu il COP29 kimi beynəlxalq səviyyəli ekoloji tədbirə ev sahibliyi edəcək bir ölkədə hələ də mövcud qanunun işləməməsi isə məsələni daha da tragikomikləşdirir.

Maraqlıdır, noyabr ayında ekoloji tədbirlə bağlı Azərbaycan səfər edəcək 70-80 min civarında xarici turist ölkəni “bürüyən” siqaret tüstüsünü gördükdən sonra buradan hansı təəsüratlarla ayrılacaqlar?

Qeyd edək ki, sözügedən problem artıq o qədər dözülməz səviyyəyə çatıb ki, qanunun qəbul olunduğu Milli Məclisdə belə müzakirəyə çıxarılıb. Deputat Razi Nurullayev bu yaxınlarda baş tutan iclasların birində mövcud qanunun işləmədiyni etiraf edib.

“Qapalı məkanlarda tütün istifadəsi qadağan olsa da, tüstüdən boğuluruq. Toylarda masa arxasında papiros çəkmək nə deməkdir? İstərdim bu sahəyə daha ciddi yanaşma olsun”,- deyə o, bildirib.

Təbii ki, qanun varsa, deməli, hər birimizin əməl etməli olduğu müəyyən norma və qaydalar mövcuddur. Bu qaydalara əməl olunmadığı təqdirdə cərimə, başqa sözlə cəzalandırma mexanizmi işə düşür.


Qanuna əsasən, qapalı yerdə tütün çəkilməsinə görə həm ondan istifadə edən, həm də buna icazə verən məkan sahibi cərimələnir. İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 60 manat məbləğində cərimə nəzərdə tutulur. Hətta tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

Onu da qeyd edək ki, müvafiq cərimələrin icrası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Qurumdan verilən məlumata görə, hər il ortalama 10-15 min civarında vətəndaş siqaret kötüyünü yerə atdığı, eləcə də qadağan olunmuş yerlərdə tütün məmulatından istifadəyə görə cərimə olunur.

Bu barədə millət vəkili Fazil Mustafa “AzPolitika”-ya şarhində bildirib ki, bu cür qanunlar əsasən cəmiyyətin mədəni səviyyəsi ilə əlaqəli məsələlərdir. Deputat hesab edir ki, cəzaların sərtləşdirilməsi bu sahədə hər hansı müsbət dəyişikliyə səbəb olmayacaq: “Nə qədər böyük qanunlar, sərt cəzalar qəbul olunsa da, əgər mədəni səviyyə buna imkan vermirsə, deməli, bu qanunun hər hansı şəkildə icrası mümkün olmayacaq. Məsələn, əgər toy məclisində bir insan tütündən istifadə etməyən digər şəxslərin yanında siqaret çəkirsə, artıq problem onunla bağlıdır. Bu cür insanlar həm özlərinin, həm də ətrafdakıların sağlamlğına ziyan vururlar. Diqqət edirsinizsə, şadlıq evləri və ya restoranlar müştərini itirməmək üçün bu məsələdə onun üzərinə gedə bilmirlər. Bu baxımdan düşünürəm ki, cərimə artırmaqla işin həllinə nail olmaq mümkün deyil. Çalışmaq lazımdır ki, insanlar bu istiqamətdə daha çox maariflənislər, tütün çəkmənin əleyhinə fəaliyyət genişlənsin. Bu olarsa, müəyyən irəliləyiş əldə etmək olar”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyanın 151 ölkəsində ictimai yerlərdə tütün məmulatlarından istifadə ilə bağlı qadağalar mövcuddur. Araşdırmalara görə, bu qadağalar hər il 5,6 milyard insanı siqaretin zərərli tüstüsündən qoruyur. Avropada illər əvvəl qapalı məkanlarda tütün məmulatlarından istifadə qadağan edilib. Məsələn, müvafiq qadağa - 1 yanvar 2004-cü ildə Hollandiya və İrlandiyada, 1 fevral 2007-ci ildə Fransada, 1 may 2007-ci ildə Böyük Britaniyada, 1 yanvar 2008-ci ildə Almaniyada, 1 yanvar 2006-cı ildə İspaniyada, 1 iyun 2004-cü ildə Norveçdə, 1 may 2005-ci ildə İsveçdə qüvvəyə minib.

Həmçinin xarici ölkələrdə tütün məmulatlarından istifadə ilə bağlı daha ciddi cəzalar var. Qapalı məkanda siqaretdən istifadənin cəzası - Almaniyada 74 -277 manat, İtaliyada 462 manat, Fransada 116- 250 manat, Sinqapurda 2581 manat, Yaponiyada 231 manat, Rusiyada 1462 manat təşkil edir.

Qardaş ölkə Türkiyədə isə cəza mexanizmi daha çox sahibkarları əhatə edir. Belə ki, Türkiyədə qadağan olunmuş yerlərdə siqaret çəkən fiziki şəxslər 19 manatdan 32 manatadək, sahibkarlar isə 446 manatdan 2241 manatadək cərimə olunurlar.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanmışdır.