Fransa Prezidenti Emmanuel Makron ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyanı buraxıb. O, Fransada sağçı populistlərin Avropa Parlamentinə seçkilərdə böyük qələbə qzanmasına belə reaksiya verib.
Parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.
Hazırda 29 yaşlı Jordan Bardellanın rəhbərlik etdiyi Marin Le Pen tərəfdarlarının partiyası exit-poll nəticələrinə görə, Avropa Parlamenti seçkilərində Makron tərəfdarlarını iki dəfədən çox qabaqlayıb. Bardella bundan əvvəl Makronu Milli Assambleyanı buraxmağa və yeni seçkilər təyin etməyə çağırmışdı. Üçüncü yerdə sosialist koalisiyasıdır. İfrat sağçı Reconquista partiyası da uğur qazanıb.
Makron çıxışında heç bir şey olmamış kimi hərəkət edə bilməyəcəyini bildirib.
“Sizə yenidən seçim etmək imkanı vermək qərarına gəldim”, - deyə o, bildirib.
Makron qeyd edib: “Millətçilərin və demaqoqların yüksəlişi ölkəmiz üçün təhlükə yaradır, eyni zamanda Avropamız üçün. Fransanın Avropa və dünyada tutduğu yer üçün təhlükə yaradır, lakin demokratiyamıza arxayınam, qoy xalq suveren şəkildə öz sözünü desin".
Parlamentin hazırkı çağırışında Makron tərəfdarları çoxluğa malik olmasalar da, bəzi sağ və sol mərkəzçilərin dəstəyi sayəsində hökumət qura biliblər. Milli Birlik müxalifətin ən böyük fraksiyasıdır. Beşinci Respublika tarixində elə hallar olub ki, parlament seçkilərinin nəticələrinə görə prezident öz siyasi rəqibini baş nazir təyin etməli olub. Məsələn, Fransua Mitteranın dövründə hökumətə bir müddət Jak Şirak başçılıq edib.
Bütövlükdə Avropa Parlamentinə seçkilərdə sağ mərkəzçi Avropa Xalq Partiyası liderlik edir. Nəticələr göstərir ki, Makron tərəfdarlarının daxil olduğu Avropanın Yenilənməsi partiyası Avropa Parlamentində bir neçə yer itirəcək, ifrat sağçılar isə əksinə, güclənəcək.
“AzPolitika.info”


Şərhlər