Rusiya Prezidenti Vladimir Putin Ukraynada arzuladığına nail olmadığını yaxşı görür və elə bu səbəbdən də təhdidin dozasını artırmaqda davam edir. Putinin son günlərdə “nüvə dəyənəyini tez-tez yelləməsi” Rusiyanın əlacsızlığının əyani göstəicisidir. O, öz ordusunun qarşıya qoyulan məqsədləri yerinə yetirə bilmədiyini anlasa da, strateji səhv etdiyini əsla boynuna almaq fikirində deyil...
Putin “demilitarizasiya”, ”denasifikasiya” terminlərini tez-tez təkrarlamaqla demək istəyirdi ki, Ukraynada hakimiyyəti dəyişib istədiyi adamı başa gətirəcək və bu ölkənin gələcək taleyini də Kreml həll edəcək. Artıq bunun alınmadığını görən Rusiya rəhbərinin bir yolu qalır - müharibəni davam etdirmək və Xerson, Zaporojye, Donetsk, Luqansk vilayətlərinin yerdə qalan torpaqlarını işğal etmək.
Müharibədən öncə Rusiya ordusunun möhtəşəmliyi barəsində şişirdilmiş təriflərə bir çoxları kimi yəqin ki, Putinin özü də uymuşdu. Maraqlıdır ki, Rusiya ordusunun sarsılmaz gücü barədə materialların çoxu Qərbin aparıcı analitik nəşrlərində dərc edilirdi. Rusiyanın “S-400” Zenit Raket Kompleksinin dünyadakı anoloji silahlardan xeyli üstün olmasını məhz ABŞ və Avropa hərbi ekspertləri yazırdılar. Elə təsəvvür yaradılırdı ki, sanki Rusiya silahları bir çox parametlərinə görə Qərb silahlarını geridə qoyur.
Bəs, bununla hansı məqsəd güdülüb? Rusiyanı inandırmağamı çalışıblar? Ola bilər.
Digər yandan, Rusiya ordusu yeni bir problemlə üzləşib. Belə ki, hazırda muzdlu döyüşçü toplamaq çətinləşib. Ona görə də muzdlu əsgər yığmaq yolunda yeniliklər edilir.
Rusiya ordusunun sıralarında on minə yaxın əcnəbi muzdlu olması barədə xəbərlər yayılır. Bu sayın daha da artacağı gözlənilir. Rusiya Ukraynada döyüşmək üçün Afrika, Asiya və Latın Amerikasının təxminən iyirmiyə qədər yoxsul ölkəsindən muzdlu yığıb. Rusiyada müqavilə ilə döyüşə gedənlərin tabutlarının geri qayıdışı kütləvi hal almağa başlayıb və ayda 2 min dollar məvacib uğrunda həyatını riskə atmaq istəyənlərin sayı azalıb.

Döyüş meydanından xoşagəlməz xəbərlər alan Putin düşünür ki, mövcud vəziyyətlə heç nə qazanmaq mümkün deyil və ona görə də ifrat radikal addımlar atmağa ehtiyac var. Əslində, müharibə fonunda Kreml rəhbərinin Şimalı Koreyaya səfərinə də bu kontekstdən baxmaq lazımdır. Şimali Koreya səfərinə böyük önəm verən Vladimir Putinin tutduğu siyasi-strateji xətt belə təsəvvür yaradır ki, o, Qərbdən birdəfəlik qopmağa və öz ölkəsini Şərqin bir parçasına çevirməyə hazırlaşır.
Əlbəttə, burada söhbət sivilizasiya müstəvisindən gedir. Ancaq Rusiya son illərə qədər hərbi və mülki sahədə əldə etdklərinin böyük hissəsini Qərbdən alıb...
Putinin Şimlı Koreyaya 24 ildən sonrakı səfərini təkcə bu ölkədən hansısa mərmi və ya köhnəlmiş silah tədarük etməsi kimi dəyərləndirmək doğru olmazdı. Heç bir Sovet lideri Şimalı Koreyaya səfər etməmişdi, onlar bu ölkənin təkəbbürlü lideri Kim İr Sendən heç də razı deyildilər. Yeri gəlmişkən, Rumıniyanın rəhbəri Nikolae Çauşesku Kim İr Senin ən yaxın dostu idi. İndi isə deyəsən, onun nəvəsi Kim Çen Inın ən yaxşı dostu Vladimir Putindir...

Putinin Ukraynada apardığı müharibə Rusiyanın fundamental maraqlarına cavab vermir və bu müharibənin Rusiya tərəfindən izahı yalnız mənasız söz yığınından ibarətdir. Ukraynaya təcavüzdən heç üç il keçməyib, amma bu qısa müddət ərzində Rusiyanın Qərbdən uzaqlaşması prosesi tarixdə görünməmiş dərəcədə sürətlənib. Sanki hansısa böyük ssenarist dünyanı bilərəkdən iki qütbə bölür və Rusiya burada özünəməxsus ayırıcı xətt rolunu oynayır. Maraqlıdır ki, Qərb dünyası da Rusiyanın uzaqlaşaraq, özünə yeni “yuva” tapmasında maraqlı görünür.

Amma Rusiya hələ də Qərbdən asılıdır və bu asılılıq təkcə xammal satışı ilə yekunlaşmır. Rusiyanın bir dövlət kimi gələcək taleyində Ukrayna müharibəsinin müstəsna yeri var. Qərb Rusiyanın Ukraynada ağır məğlubiyyətə uğramasını və ya onun parçalanmasını istəməməklə yanaşı, həmçinin onun tədricən Çinin xammal bazasına çevrilməsinə də göz yumur.
Putinin hərəkətləri rasionallıqdan daha çox macərapərəstliyə bənzəyir. Rusiyanın müharibədə qalib gəlməsi Şimali Koreya və ya Vyetnamla dostuqla müəyyənləşmir. Elə vaxtilə SSRİ də onları yanına yığmışdı, nəyəsə nail ola bildimi?
Şimali Koreya Çinin vassalıdır və Pekin öz məqsədləri naminə onun ayaq üstə qalmasına imkan verir. Çinin izni olmadan o, real heç nə edə bilməz. Rusiya televiziya kanallarında hətta Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı döyüşə biləcəklərindən danışılır. Şimali Koreyanın Rusiyaya verdiyi mərmilərin və raketlərin isə keyfiyyəti çox aşağıdır, kəmiyyəti isə məhdudiyyətsiz deyil.
Rusiyanın Şimali Koreya ilə yaxınlaşması, dünyanın texnoloji baxımdan ən qabaqcıl ölkələrindən olan Cənubi Koreyanı qıcıqlandırıb və nəticədə Seul Ukraynaya silah yollayacağını bəyan edib.
Moskvanın apardığı siyasət sayəsində onun dostları, Putinin müttəfiqləri siyahısında əsasən iqtisadi baxımdan geridə qalmış ölkələr və Çin kimi Rusiyadan öz maraqları üçün yararlanan bəzi azsaylı ölkələr yer alırlar.
Görəsən, Rusiyanın Ukraynada zəbt etdiyi ərazilər onun hansı işinə yarayacaq? Ciddi siyasi analitiklər və hərbi ekspertlər Ukraynanın Qərb tərəfindən yetərli səviyyədə dəstəklənmədiyini görür və bundan nəticə çıxarmağa çalışırlar. Bu müharibə həm Ukraynanı, həm də Rusiyanı zəiflədəcək. Rusiya hələ indidən Çinə möhtacdır. Artıq Rusiyanın olub-qalan bütün sənaye obyektlərini və təbii sərvətlərini Çin şirkətləri yavaş-yavaş öz caynağına keçirir. Hadislərin gedişi onu göstərir ki,ümumi yekunda Rusiya indiki hərbi-siyasi və geostrateji imkanlarının böyük hissəsini itirəcək və nəticədə bütün sferalar üzrə Çinin vassalına çevriləcək.
Vaqif Nəsibov
“AzPolitika.info”

Şərhlər