Menu

İsrail Ukraynaya “Patriot” verəcək - ABŞ ilə danışıqlar aparılır

28.06.2024, 16:20
İsrail Ukraynaya “Patriot” verəcək - ABŞ ilə danışıqlar aparılır

Ukraynanın Hava Hücumundan Müdafiə imkanlarının gücləndirilməsi istiqamətində indiyə qədər atılan addımlar yetərli olmadığından Rusiya bu ölkənin enerji infrastrukturunu dağıtmaqda davam edir.

“AzPolitika” xəbər verir ki, “The Financial Times”-ın yazdığına görə, ABŞ, İsrail və Ukrayna səkkizədək “Patriot” sisteminin Kiyevə təhvil verilməsi ilə bağlı danışıqlar aparır. Bu sistemlər Rusiyanın bütün növ raketlərini, o cümlədən ən yeni “Kinjal”ı ələ keçirməyə qadir olduğunu nümayiş etdirib.

Qəzetin yazdığına görə, danışıqlar üç ölkənin nazirləri və digər yüksək vəzifəli şəxsləri səviyyəsində aparılır. Yekun razılıq hələ əldə olunmayıb.

Aprel ayında İsrail 30 ildən çox yaşı olan səkkiz “Patriot” sistemini istismardan çıxarmaq və onları daha yeni sistemlərlə əvəz etmək planlarını açıqlamışdı. Lakin hal-hazırda onlardan İsrailin HƏMAS-a qarşı müharibəsində istifadə olunur. Bundan əlavə, İsrail Livanın iranpərəst “Hizbullah” hərəkatı ilə genişmiqyaslı müharibənin mümkünlüyünü nəzərə alır.

Rusiya işğalı başlayandan bəri İsrail Qərb müttəfiqlərindən fərqli olaraq Rusiya ilə münasibətlərini qorumağa çalışıb və buna görə də Kiyevə heç bir hərbi yardım göstərməyib. Ancaq indi məlum olur ki, Kremlin HƏMAS-a açıq dəstəyi fonunda İsrail hökuməti bu cür addımlara gedir. İsrailin köhnə model “Patriot”larını ABŞ-yə satacağı, daha sonra isə onların Ukraynaya təhvil veriləcəyi gözlənilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol