“Azərbaycanda gerçək parlamentarizm institutu 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etmiş Heydər Əliyevin iclasları aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti ilə inkişaf etdi. Bu ali idarəetmə bacarığı parlament üçün yeni bir örnək oldu. Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Parlamentdə söyüşlər yığışdırıldı, papiros dumanı çəkildi. Diqqət edin, bu qısa zaman kəsiyində ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu və 10-larla xalqın mənafeyi naminə qanunlar qəbul olundu, Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi”.
“AzPolitika” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev Milli Məclisin bu gün – 28 iyunda keçirilən iclasındakı çıxışında deyib.
Deputat vurğulayıb ki, Ulu öndərimizin gətirdiyi parlament mədəniyyəti 6-cı çağırış parlamentində yeni reallıqların fonunda yaşadı: “Bəzi yelbeyinlər parlamentin buraxılmasını çürümüş təfəkkürləri ilə şərh edirlər. Əslində 1990-cı ildə keçirilmiş seçkilərlə seçilmiş parlament ilk özünü buraxan parlament olmuşdu. 360 nəfərin 310 nəfərini buraxdılar və 50 nəfərdən ibarət Milli Məclis yaratdılar. 360 nəfərlik Ali Sovetin deputatlarının mədəniyyətsizliyinin də şahidi olduq. Ayaqlarını yerə döyəcələdiklərini yada salmaq istəyirəm. Nə yaxşı ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə parlament seçkiləri keçirilmədi, vətəndaş müharibəsi ilə üzləşməli olacaqdıq. Allah üzümüzə baxdı”.
E.Əliyev xatırladıb ki, həmin dövrün tanınmış deputatlarından biri 6-cı çağırışla bağlı ədəbsiz ifadələr işlədib: “Halbuki onun deputat olduğu iclasların birində 3 saat mübahisə etdilər ki, iclas canlı olsun, ya olmasın. Başqa bir iclasın iki saatını isə bir - birilərini qardaş qırğını törətməkdə ittiham etdilər”.
Millət vəkili qeyd edib ki, altıncı çağırış Milli Məclisi başda hörmətli sədr Sahibə xanım Qafarova olmaqla deputatların praqmatik fəaliyyəti ilə parlament tarixinə yazıldı:
“Altıncı çağırış parlamentin ilk iclasında Prezident İlham Əliyevin möhtəşəm nitqində qarşıya qoyulan hədəflərə çatdıq;
Altıncı çağırış parlamenti dövründə erməni barbarları üzərində qələbə çaldıq. Allah Şəhidlərimizi rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm;
Altıncı çağırış Azərbaycanda Milli Məclisi diplomatiyasının çiçəkləndiyi dövrdür;
Altıncı çağırışda məmurlarla deputatlar arasında səmimiyyət və işgüzarlıq körpüsü yaradıldı”.
Yeddinci çağırış Milli Məclisə seçkilərin xalqımız üçün düşərli olmasını arzulayan deputat vurğulayıb ki, qalib xalq seçib - seçilmək hüququndan istifadə edib yeni parlament formalaşdıracaq: “Elə bir parlament formalaşacaq ki, o, möhkəm və sarsılmaz özüllər üzərində formalaşmış dövlətçilik ənənələrimizə yeni töhfələr verəcək. Bunu əminliklə söyləmək olar. Çıxışımı Müzəffər Ali Baş komandan İlham Əliyevin bir optimist kəlamı ilə bitirirəm: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın”. Günümüzün paradiqması budur”.
“AzPolitika.info”


Şərhlər