Cümə günü Bundestaqın qəbul etdiyi Almaniyanın 2025-ci il büdcəsində ayrılan vəsait alman ordusunu məyus edib. Siyasətçilər müdafiə xərclərinin tələb olunduğu kimi 6 milyard avro artırılmasının əvəzinə, əvvəl nəzərdə tutulmuş vəsaitdən cəmi 1,2 milyard artıq vəsait ayırıblar.
Almaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Karsten Breuer “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində qarşıdakı illərdə müdafiə xərclərinin artacağını gözlədiyini bildirib.
Onun sözlərinə görə, Rusiya “2029-cu ildə NATO ölkələrinə qarşı çıxa bilər, buna görə də çəkindirmə çox vacibdir”.
Breuer vurğulayıb: “Rusiya hazırda Ukraynaya qarşı müharibə üçün lazım olandan qat-qat artıq imkanlar yaradır ki, silahlı qüvvələrindəki hərbçilərin sayını bir milyon yarıma çatdırsın. Bu da bütün Avropa İttifaqınının ordularındakı əsgər sayından çoxdur. Bundan əlavə, Rusiya ildə təxminən 1000-1500 tank istehsal edir. Avropadakı ən böyük beş NATO ordusuna baxsaq, görərik ki, Rusiyanın bir il ərzində istehsal etdiyi tankların cəmi yarısı onların sərəncamındadır”.
Vaşinqtonda keçiriləcək NATO sammiti ərəfəsində Breuer “lazımi sərmayələri hazırlamaq, məşq etmək və planlaşdırmaq üçün möhkəm, artan müdafiə büdcəsinin” vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra ayrılan əlavə 1,2 milyard avro müdafiə müəssisələri ilə müqavilələr bağlandıqdan sonra ilin sonuna qədər xərclənəcək. Lakin yeni silah sistemləri alındıqdan sonra onların saxlanması xərcləri artacaq.
"Əgər əsgərlər onlardan istifadə edə bilmirsə, bizə nə üçün yeni silah lazımdır" – deyə, o, sual edib
2025-ci il üçün qəbul edilmiş büdcə planında ilkin olaraq müdafiə xərclərinə 52 milyard avro nəzərdə tutulurdu. Almaniyanın Müdafiə naziri Boris Pistorius altı milyard artım tələb edib.
Sosial-demokrat siyasətçi büdcənin cəmi 1,2 milyard avro artırılması qərarını sərt şəkildə tənqid edərək, Rusiyadan gələn hərbi təhlükələrə, Almaniyanın Avropa və dünya qarşısındakı məsuliyyətinə işarə edib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi mövcud vəziyyətin və elan edilən kurs dəyişikliyinin tələb etdiyi islahatları lazımi sürətlə həyata keçirə bilməyəcək.
Almaniya kansleri Olaf Şolz qeyd edib ki, 2028-ci ilə qədər ayrılmış yüz milyard tam istifadə edildikdən sonra Almaniyanın müdafiə büdcəsi 80 milyard avroya yüksələcək.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər