Məlum olduğu kimi, bu gün qardaş ölkə Türkiyədə dünyanın aparıcı sosial şəbəkə platformalarından olan “İnstaqram” bloklanıb.
“AzPolitika” xəbər verir ki, Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTQ) qərarı əsasında səhər saatlarından "İnstaqram"a giriş qadağan edilib.
Bu barədə Türkiyə KİV-lərində yer alan xəbərlərə görə, buna səbəb Prezident Administrasiyasının rabitə şöbəsinin rəhbəri Fahrettin Altunun HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı verdiyi başsağlığı mesajlarının “İnstaqram” tərəfindən silinməsi olub.
Qeyd edək ki, Altun daha sonra paylaşım edərək “İnstaqram”ın bu senzurasını tənqid edib.
Onun həmin paylaşımını təqdim edirik:“İsrail nə qədər fələstinlini öldürsə də, Fələstinin haqq işi tarixdən silinməyəcək. İsrail dövləti məhkəməsiz edamlar, sui-qəsdlər, işğal və soyqırımların icraçısı kimi tarixə düşəcək. İnsanların Haniyənin şəhadəti ilə bağlı başsağlığı mesajı göndərməsinə mane olan “İnstaqram” sosial media platformasını da şiddətlə qınayıram.
Bu, çox aydın və aşkar senzura cəhdidir. Qlobal istismar və ədalətsizlik sisteminə xidmət etdiyini dəfələrlə nümayiş etdirən bu platformalara qarşı ifadə azadlığını müdafiə etməyə davam edəcəyik. Biz hər fürsətdə və hər platformada fələstinli qardaşlarımızın yanında olacağıq. Fələstin gec-tez azad olacaq. İsrail və onun havadarları bunun qarşısını ala bilməyəcək”.
Qeyd edək ki, qadağanın hansı müddətdə davam edəcəyi barədə hər hansı açıqlama verilmir.
"AzPolitika.info"


Şərhlər