Menu

Tacikistan vətəndaşları hava limanından geri qaytarılır - Rusiyada tacikləri hədəfə alıblar

07.08.2024, 13:26
Tacikistan vətəndaşları hava limanından geri qaytarılır - Rusiyada tacikləri hədəfə alıblar

Bu ilin birinci yarısında minlərlə tacik Rusiyadan deportasiya olunub. Martda Moskvada konsert zalına silahlı hücumdan sonra hakimiyyət bu yöndə fəaliyyəti daha da gücləndirib.

“Krokus” zalına hücumda 144 nəfər həlak olub. Hücumda şübhəli bilinənlərdən dördü Tacikistandandır.

Tacikistanın Əmək, Miqrasiya və İşəgötürmə naziri Gulnora Hasanzoda deyib ki, Rusiya 2024-cü ilin ilk altı ayında azı 17 min tacikistanlını deportasiya edib. Digər tərəfdən, bir çox tacik miqrant fəhlələr, eləcə də digər Orta Asiya ölkələrindən olanlar Rusiyanı öz xoşuyla tərk edirlər. Onlar Rusiyada ksenofobiyanın artmasından, məhdudiyyətlərdən çəkinirlər.

“Martın sonunda baş verən hadisələri nəzərə alaraq, Rusiya sərhədində və daxilində müvəqqəti və daimi əsasla təftiş və reydlər aparılır, vətəndaşlar müxtəlif səbəblərdən bu ölkənin ərazisindən çıxarılır, daha öncə törədilmiş pozuntular, immiqrasiya qanunvericiliyinə əməl etməmə, dil bilgisinin olmaması, ictimai etiket əsas gətirilir”, – Hasanzoda vurğulayıb.

Düşənbə sakini Şarofiddin Xocayev bu ilin əvvəlində Moskva aeroportuna çatan kimi geri qaytarılan taciklərdən biridir. O, yerli mətbuata deyib ki, ailəsi üçün pul qazanmağa çalışanlara qarşı durum pisləşib.

“Onlar gərəkən sənədləri vaxtında vermirlər, sonra isə elə həmin vaxtda da sənədin olmadığına görə səni qovurlar. Sənədlərinin olub-olmamasından asılı olmayaraq, sənə problem yaradılar”, – o, əlavə edib.

Xocayev geri dönüş bileti almağa vadar edildiyini, aeroportda xeyli adamın belə vəziyyətə düşdüyünü danışır. Dediyinə görə, hətta sənədləri qaydasında olan tacikləri belə hədəfə alıblar.

Tacik Mülki Aviasiya İdarəsinin direktoru Habibullo Nazarzoda ötən ay jurnalistlərə deyib ki, son altı ayda 3 min 400 tacik miqrant Rusiya aeroportlarından geri qaytarılıb. Nazarzoda Tacikistan vətəndaşlarının Rusiyaya girişinin qarşısının alınmasında iddia olunan sənəd problemlərini göstərib.

Tacikistan hakimiyyəti isə ölkədə işçi qüvvəsinin artmasına reaksiya verməyə başlayıb, yanvardan bəri azı 100 min yeni iş yerinin açıldığı bildirilir. Ekspertlər isə miqrant işçilərin deportasiyasının Rusiyada əmək bazarına zərbə vurduğunu deyirlər.

Rusiyada hazırda işsizlik səviyyəsi postsovet dövrünün ən aşağı həddinə – 2.9 faizə düşüb. Kreml Ukraynada apardığı təcavüzkar müharibəyə yüzminlərlə kişini cəlb edir. Əmək bazarının daralması isə inflyasiyanı yüksəldir, iqtisadi sabitliyə təhdid yaradır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol