Rusiya hökuməti Ukrayna ordusunun dörd gündür əməliyyat keçirdiyi Kursk vilayətində federal fövqəladə vəziyyət elan edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Bu qərar fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə hökumət komissiyası tərəfindən fövqəladə iclasda qəbul edilib”, - deyə nazirlikdən bildirilib.
Bundan əvvəl – 7 avqusta Kursk vilayətinin başçısı səlahiyyətlərini icra edən Aleksey Smirnov Ukrayna Silahlı Qüvvələrinin sərhədyanı ərazilərə hücumunun “nəticələrini aradan qaldırmaq” üçün regional fövqəladə vəziyyət elan edib.
Kursk vilayət mərkəzi Sudja şəhəri ərazisində Rusiya və Ukrayna orduları arasında döyüşlər davam edir. Avqustun 9-na keçən gecə Rılsk yaxınlığında Rusiya hərbi karvanına endirilən zərbə nəticəsində ən azı 14 yük maşını zədələnib, xeyli sayda rus əsgəri həlak olub.
“İnsider” müxtəlif mənbələrə, o cümlədən yerli sakinlərə istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayəti ərazisinə soxulması zamanı indiyədək on bir yaşayış məntəqəsini nəzarətə götürə bilib.
Müdafiə Nazirliyinə yaxın Rybar teleqram kanalının məlumatına görə, ehtiyatlar bölgəyə gəlməyə başlayıb: “Rusiya xüsusi təyinatlılarının bölmələri artıq düşməni Sudcaya sıxışdıraraq ərazini təmizləməyə başlayıb”.
Yerli sakinlər “Kursk” teleqram kanallarında dərc olunmuş çoxsaylı videolarda Rusiya hərbçilərinin vəziyyətə nəzarət barədə bəyanatlarının yalan olduğunu deyir və evakuasiyaya kömək göstərilməməsindən şikayətlənirlər.
Son məlumatlara görə, döyüşlər Kursk AES-in yerləşdiyi Kursk vilayətinin Kurçatov şəhərindən (əhalisi təxminən 40 min nəfər) bir neçə on kilometr aralıda gedir.
“Hörmətli kurçatovlular! Şəhərimizin sərhədlərindən bir neçə on kilometr aralıda döyüşlər gedir. Vəziyyət gərgindir və fövqəladə vəziyyət tətbiq edilir. Buna baxmayaraq, bütün xidmət və müəssisələr, o cümlədən şəhər rəhbərliyi normal rejimdə işləyir”, - şəhər administrasiyasının rəhbəri İqor Korpunkov əhaliyə bildirib.
Rusiya Müdafiə Nazirliyi ehtiyatların Kursk vilayətinə - MLRS, artilleriya qurğuları, tanklar və maşınların köçürüldüyünü açıqlayıb.
“Forbes” yazır ki, Ukrayna Silahlı Qüvvələrinin ən güclü briqadalarından biri olan 80-ci Hava Desant Hücum Briqadası Kursk vilayətində hücumda iştirak edir. Ümumilikdə, nəşrin məlumatına görə, əməliyyatda Ukrayna Silahlı Qüvvələrinin hər birinin sayı 2 min nəfərə qədər olan ən azı üç briqadası iştirak edir.
“AzPolitika.info”


Şərhlər