Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov YAP-ın qurucularından olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin “Moderator.az” saytına müsahibəsi zamanı səsləndirdiyi bir sıra fikirlərə münasibət bildirib.
YAP-çı deputat S.Novruzov Publika.Az-a açıqlamasında deyib: “Əli Nağıyev müsahibəsində deyir ki, 91 imzanın toplanılmasından məlumatlıdır. Bəli, bu tamamilə doğrudur. Yəni, o dövrdə 91 nəfərin imzasını bir neçə adam toplayıb ki, onlardan biri də Əli Nağıyevdir. Onun bir fikri də doğrudur ki, 91-lərin hamısı eyni səpgili adamlar deyil. Yəni, 91-lərdən elə adamlar var ki, onlar bu imzanı kiminsə xətrinə atıb. Misal üçün, Həsən Mirzəyev Pedaqoji Universitetdə imza toplayırdı. Təxminən 10 nəfərə Həsən Mirzəyev imza atdırıb. Bu formada imza atanlar var və bunların hamısını biz bilirik. Bütün bunlar partiyanın tarixidir. Ancaq bütün hallarda onlar partiyanın qızıl fondudur”.
S.Novruzov Ə.Nağıyevin müsahibəsində Zahid Qaralovun, rəhmətlik Səfiyar Musayevin və Sirus Təbrizlinin yazılarını “Əlincə” Cəmiyyətində özünün təşkil etməsi barədə söylədiyi fikirlərə də toxunub: “Yox, elə deyildi. O vaxtı Zahid Qaralovun, Kərim Kərimovun, Səfiyar Musayevin və digərlərinin yazıları olurdu. Həmin yazılar da “Səs” qəzetində çap olunurdu. O vaxtı Əli Nağıyev isə “Əlincə” cəmiyyətinin sədr müavini idi”.


Şərhlər