Hazırda ABŞ-də prezident seçkisinin qızğın vaxtında verilən suallardan biri də qalib gələcəyi təqdirdə Trampın Ukrayna ilə bağlı hansı siyasəti aparacağıdır.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker “Azadlıq” radiosuna müsahibəsində deyib ki, Donald Trampın Ukrayna ilə bağlı ritorikası artıq dəyişib.
Onun fikrincə, Tramp qətiyyən Ukraynanın bu müharibədə məğlub olmasını istəmir: “Düşünürəm ki, Bayden prezident olanda Əfqanıstandakı fəlakəti izləmiş Tramp öz hakimiyyəti dövründə Ukraynada da bu təcrübənin baş verməsini istəməz. Ona görə də düşünmürəm ki, buna imkan versin”.
Volkerin fikrincə, Harris qalib gəlsə, ABŞ Ukraynaya yardımı əvvəllər işləyən sxem üzrə davam etdirəcək. Tramp isə daha radikal dəyişikliklərə gedə bilər: “Əgər bu, Tramp administrasiyası olacaqsa, mən daha çox əminəm ki, o, Ukraynaya vergi ödəyicisinin pulu ilə yox, Lend-Liz yardımı göstərəcək. O zaman Ukraynaya məhdudiyyətlər olmadan, borc şəklində ehtiyac duyduğu qədər silah almağa imkan veriləcək. Bir şərtlə ki, bunlar ABŞ məhsulları olacaq. Mənə elə gəlir ki, bu, Trampın tutacağı daha çox ehtimal olunan yoldur”.
“AzPolitika.info”


Şərhlər