ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna lideri Volodimir Zelenskinin “Qələbə planı”nın hərtərəfli strategiyasının olmamasından narahatdır. Həmçinin, planın daha çox silah təminatına və uzaqmənzilli raketlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa yönəlməsi Ağ Evi qane etmir.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ administrasiyasındakı mənbələrinə istinadla “The Wall Street Journal” nəşri yazıb.
Qəzetin yazdığına görə, ABŞ rəsmiləri hesab edirlər ki, Kiyevin təklifi əsasən silahlara və uzaqmənzilli raketlərə qoyulan məhdudiyyətlərin yumşaldılmasına yönəlib.
Bayden-Zelenski görüşündən əvvəl planın konturları ilə tanış olan yüksək rütbəli ABŞ və Avropa rəsmiləri bildiriblər ki, bu plan Ukrayna üçün qələbəyə aydın yol göstərmir, xüsusən də Rusiya qüvvələri döyüş meydanında yavaş-yavaş, lakin əminliklə qələbələr qazanmasının fonunda. Rəsmilərdən biri qəzetə deyib ki, "mən buna heyran deyiləm, orada çox da yenilik yoxdur".
Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin rəsmisi sözügedən planın Ukraynanın geniş şəkildə döyüş meydanındakı ehtiyaclarını, ölkədəki siyasi keçidləri və iqtisadiyyatı əhatə etdiyini demişdi.
“AzPolitika.info”


Şərhlər