Məlum olduğu kimi, son günlər Rusiya ordusunun Donetsk vilayətindəki Uqledar şəhərini işğal etmək üzrə olduğuna dair müxtəlif məlumatlar yayılır.
“AzPolitika” xəbər verir ki, “Forbes” nəşri 2022-ci ilin sonundan bəri rusların işğal etməyə çalışdığı şəhər uğrunda döyüşlərə dair bəzi detalları dərc edilib.
Yazıda müharibədən əvvəl cəmi 14.000 nəfər əhalisi olan Uqledara 2 ilə yaxındır ki, hücumlar təşkil edən rus ordusunun böyük itkilər verdiyi qeyd olunur: “İndi Rusiya ordusunun 57-ci motoatıcı briqadası Ukrayna qoşunlarının 72-ci mexanikləşdirilmiş briqadasının müdafiəsini yarıb. İşğalçılar hazırda Uqledarın cənubundadırlar və yorğun Ukrayna qarnizonu yəqin ki, artıq şimala doğru geri çəkilir. Ruslar bu şəhəri ələ keçirsələr belə, bu qələbə onlara baha başa gələcək. Bu irəliləyiş artıq onlara minə yaxın texnika və bir neçə min hərbi qulluqçu hesabına başa gəlib. Ukrayna Silahlı Qüvvələrinin mina, artilleriya, PUA və tank əleyhinə raketlərin köməyi ilə qurulan güclü müdafiəsi Rusiyanın şəhərə hücum edən, demək olar, bütün briqadalarını məhv edib. 2022-ci ilin sonundan 2023-cü ilin əvvəlinə kimi burada Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının iki briqadası - 40-cı və 155-ci briqadalarının uğursuz hücumları müharibənin ən qanlı hücumlarından idi. Beləliklə, kağız üzərində 3000-ə yaxın əsgəri olan 155-ci briqada bir neçə gün ərzində gündə 300-ə qədər insan itirdi və 2023-cü ilin fevralına qədər demək olar ki, tamamilə məhv edildi. Böyük Britaniya Müdafiə Nazirliyi 2023-cü ilin aprelində qeyd edib ki, son altı ayda 155-ci briqada Uqledar yaxınlığında ən azı iki dəfə yararsız hala salınıb”.
“WarSpotting”-in məlumatına görə isə ümumilikdə şəhərin müdafiəçiləri minə yaxın tank, döyüş maşını, yük maşınları və artilleriya qurğusunu sıradan çıxarıb. Bu, Rusiyanın Ukraynada 31 ay davam edən ağır döyüşlər zamanı itirdiyi bütün texnika və maşınların təxminən altı faizidir.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri bu sahədə daha az itki verib, çünki müdafiəçilər əksər hallarda səngərlərdə, bunkerlərdə oturublar və hücum edən rusları uzaqdan mina, artilleriya, raket və PUA-larla atəşə tutublar: “Uqledarın xarabalıqlarının işğalının bu briqadaların dəfələrlə məhv edilməsinə haqq qazandırıb-qazandırmadığı sualına ancaq Kreml və bu bədbəxt bölmələrdən sağ qalanlar cavab verə bilər".
Qeyd edək ki, bəzi KİV-lər rusların kütləvi itkilərə baxmayaraq, Uqledarı mümkün qədər tez işğal etməyə çalışmasını bu “qələbəni” Putinin ad gününə hədiyyə etmək istəyilə əlaqələndiriblər.
“AzPolitika.info”


Şərhlər
Uqledarın alinmasi Rusiya üçün çox vacibdir, strateji əhəmiyyətli məsələdir