Menu

“Bu, Azərbaycan ərazilərinin işğalının tanınmasıdır!” – Politoloq Ermənistan KM-in qərarını şərh etdi

03.10.2024, 12:45
“Bu, Azərbaycan ərazilərinin işğalının tanınmasıdır!” – Politoloq Ermənistan KM-in qərarını şərh etdi

“Ermənistan Konstitusiya Məhkəməsinin (KM) qərarı ilə tanış oldum. Quru hüquqi dildə yazılıb. Başa düşdüyüm qədər, Ermənistan KM-ə iki sual ünvanlanıb:

- Ermənistanın Müstəqillik Bəyannaməsi və orada qeyd olunan məqsədlər, ümumilikdə yer alan məlumatlar Konstitusiyanın özünün bəndləri kimi hüquqi qüvvəyə malikdirmi?

- Ermənistanın ərazisi anlayışı nə deməkdir, dövlətin sərhədləri haradan keçir?”.

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov “Teleqram”-da yazıb.

Ekspert qeyd edir ki, Konstitusiya Məhkəməsi öz qərarında Bəyannamənin mövzusunu geniş şərh edib: “Qeyd olunub ki, bu, Konstitusiyanın dəyişməz hissəsidir, yəni biz özümüz istəsək də onu dəyişdirə bilmərik. Mətn daha çox Bəyannamədə bildirilən məlumatların və məqsədlərin Konstitusiyada öz əksini tapmamasına həsr olunub. Yəni 1995-ci ildən etibarən Konstitusiya Bəyannaməyə istinad edirdi, lakin Bəyannamədə olan hər şey Konstitusiyada qüvvəyə malik deyil.

İkinci sualı cavablandıran Ermənistan KM qeyd edib ki, Ermənistanın inzibati bölgüsü ilə bağlı müxtəlif illərdə qəbul edilmiş qanunları var və Ermənistanın dövlət sərhədi bu rayonların xarici sərhədləri boyunca keçməlidir”.

F.Məmmədovun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarının mətnində Ermənistanın “dağlıq Qarabağ” adlı inzibati vahidinin olması barədə məlumat yoxdur.

Ekspert qeyd edir ki, Məhkəməyə Qarabağ ərazisinin Ermənistan ərazisi olub-olmaması ilə bağlı sual verilməyib, “Ermənistan ərazisi anlayışı nədir” sualı verilib və cavablandırılıb: “Belə ki, Ermənistanın KM faktiki olaraq qərara gəlib ki, Bəyannamə konstitusiya qüvvəsinə malik deyil və Qarabağ Ermənistan ərazisinin bir hissəsi deyil”.

Bu qərarı Bakı üçün qənaətbəxş hesab etmək olarmı?

Fərhad Məmmədov bu suala cavabında deyib: “Paşinyan hökuməti sadə yolla getmək, Konstitusiyaya dəyişiklik etməmək, yəni Bəyannamədən imtina etmək və Konstitusiya Məhkəməsinin konyunktur qərarı ilə sülh müqaviləsinin imzalanması üçün yol açmaq qərarına gəlib. Yeri gəlmişkən, bu, elə də ciddi qərar olmasa da, hər halda ermənilər tərəfdən atılan bir addımdır. Onlar bu məlsləni xüsusən də Qərb platformalarında önə çıxaracaqlar.

Bununla belə, gələcəkdə Konstitusiya Məhkəməsinin başqa bir tərkibinin Məhkəmənin sözügedən qərarını ləğv etməyəcəyinə və Bəyannaməyə başqa cür şərh verməyəcəyinə zəmanətlər haradadır?! Bu, artıq bir dəfə Koçaryanın Ermənistan prezidenti seçilməsi zamanı baş vermişdi!

Paşinyanın 2020-2023-cü illərdə fəaliyyətləri Ermənistanın Baş nazirinə etibar etməyə əsas vermir. Yada salaq ki, Paşinyanın 2021-ci il parlament seçkilərində qalib gəlmişdi, onun partiya proqramında Qarabağın taleyi barədə “qurtuluş naminə ayrılma” vədi qeyd olunmuşdu.

Ermənistan Ali Sovetinin 1992-ci ildə qəbul etdiyi qərarlarda deyilir ki, Ermənistan “dqr” ərazisinin Azərbaycan ərazisi hesab edildiyi müqavilələrə qoşula bilməz?!”

ATƏT-in Minsk Qrupunun buraxılmasından Ermənistanın imtina etməsini necə başa düşməliyik? Əgər İrəvan Qarabağa dair qanunsuz və heç bir əsası olmayan iddialarından əl çəkirsə, niyə Ermənistan hökuməti ATƏT-in Minsk Qrupundan yapışıb?!

“Kor-kor, gör-gör: Qarabağın Ermənistanın ərazisi olmadığını Ermənistanın KM-i də etiraf edibsə və Ermənistanın Baş naziri də silahlı qüvvələrini Azərbaycanın üç rayonundan çıxarmaq öhdəliyinin də əks olunduğu üçtərəfli bəyanatı imzalayıbsa, onda belə çıxır ki, Ermənistan KM-in qərarı Azərbaycan ərazilərinin işğalının tanınmasıdır!” – deyə, Fərhad Məmmədov bildirir.

Politoloq Ermənistan KM-ə İrəvanın 25 illik işğalçılıq siyasətini sənədli-sübütlü etiraf etdiyinə görə təşəkkür edib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol