“Bu günlərdə nazirlərdən və onların müavinlərindən gəlir bəyannaməsi təqdim etmək tələb olunub”. Bu sensasion məlumatı virtualaz.org saytının müxbiri ilə söhbətində iqtisadiyyat nazirinin keçmiş müavini və Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev verib.
O.Haqverdiyev deyib ki, hökumət bunu ictimailəşdirməsə də sözügedən yoxlamalar artıq bir müddətdir həyata keçirilir. Sabiq şöbə müdirinin sözlərinə görə, bu yoxlamaları hansı nazirin nə qədər qazandığını üzə çıxarmaq üçün aparırlar.
“Mən belə hesab edirəm ki, bəzi məmurların daşınmaz əmlakı və bank hesabları barədəki informasiyalar mətbuatda heç də boş yerə, səbəbsiz-filansız peyda olmadı. Məncə, bu yoxlama sistemini hər yerdə tətbiq etsələr, bu, yüksək rütbəli məmurlar arasında korrupsiyanın səviyyəsini bir qədər aşağı salmağa kömək edər” - deyə O.Haqverdiyev söyləyib.


Şərhlər