Qubanın dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən olan xınalıqlıların tarixi və mərkəzi məskəni hesab olunur. 5000 illik tarixə malik olan, hazırda təxminən 1200-ə yaxın insanın məskunlaşdığı bu kənd dünyanın əfsanəvi yaşayış məntəqələri sırasındadır. Təkcə Azərbaycanda yox, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri olan – Xınalıq kəndinin mədəni mühiti və Köç yolu 2023-cü ildə UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır.

“AzPolitika”-nın müxbiri Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) tərəfindən təşkil olunmuş mediatur çərçivəsində unikal və qədim Xınalıq kəndinə səfər edib. “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna təşkil olunan mediaturun məqsədi Xınalıq və Köç yolu mədəni landşaftının ümumdünya irsi elan olunduqdan sonrakı bir il ərzində görülən işlər barədə tanışlıq olub. Mediatur zamanı Xınalıq və Köç yolu mədəni landşaftının Ümumdünya irsi elan olunduqdan sonrakı bir il ərzində görülən işlər barədə jurnalistlərə ətraflı məlumat verilib.

Agentliyin Qoruqların İdarəetmə Mərkəzinin əsaslı tikinti şöbəsinin rəisi Elşən Ağalarov bildirib ki, DTA tərəfindən Xınalıqda elə bir şərait yaradılır ki, yerli sakinlər bu evlərdə rahat şəkildə yaşamaqla yanaşı, gələcəkdə həm də bölgəni ziyarət edən xarici turistləri qonaq edə bilsinlər. 2020-c ildə Xınalıqda yerləşən və qəzalı vəziyyətdə olan 60 evin təmir-bərpası ilə bağlı layihələndirmə işlərinə başlanıldığını deyən E. Ağalarov , 41 evin tam şəkildə bərpa olunaraq sakinlərin istifadəsinə verildiyini bildirib.

E. Ağalarov aparılan təmir-bərpa işləri zamanı qarşılaşdıqları çətinliklərdən də söz açıb:“Xınalıqda yerləşən evlərin birinci mərtəbəsi adətən samanlıq, insanların azuqə yeri kimi istifadə olunur. Yuxarı mərtəbələrdə isə yaşayış üçün otaqlar yerləşir. Təmir işləri aparılarkən bütün bunları nəzərə alırıq. Amma yenə də müəyyən mənada çətinliklər olur. Məsələn, gücləndirmə işləri bizə çətinlik yaradır. Çünki burada tikinti zamanı torpaqdan istifadə olunub. Evlərin heç birində bərkidici maddə yoxdur. Həm buna görə, həm də evlər bitişik olduğundan söküntü zamanı uçqunlar olur. İkinci çətinlik yaradan məsələ ərazinin coğrafi relyefi ilə bağlıdır. Hava şəraiti ilə əlaqədar kənddə cəmi 5 ay – may-oktyabr ayları ərzində iş görmək mümkün olur. Məsələn, hazırda hava ilə ələqədar işlər dayandırılıb. Digər tərəfdən, bölgənin coğrafi nöqteyi nəzərdən çətin bir ərazidə yerləşməsi logistika baxımından müəyyən problemlərə səbəb olur. Tikinti materiallarının daşınması çəin olmaqla bərabər, həm də baha qiymətə başa gəlir. Bakı ilə burada tikilən evlərin dəyəri də, əziyyəti də çox fərqlidir”.

Xınalıq kənd sakini Məzahir Məlikov söhbət əsnasında bildirib ki, kənddəki evlər əvvəlki vəziyyətinə uyğun şəkildə təmir olunub:“Mən öz evimi övladlarımla birgə, həm də ödənişli işçi qüvvəsi kimi işləyib təmir etmişəm. Ümumiyyətlə, buradakı təmir-bərpa prosesinə işçi qüvvəsi olaraq kənd sakinləri cəlb olunurlar. Çünki bu evləri ənənəsinə və arxitekturasına uyğun necə təmir etmək lazım olduğunu kənd camaatı daha yaxşı bilir. Ona görə də kimin ki bacarığı, əl qabiliyyəti var, onlar bu işlərdə iştirak edirlər”.

İtaliyadan gəlmiş turist Valerio Fazio jurnalistlərə müsahibəsində bildirib ki, Xınalıq kəndi öz mövqeyinə görə tamamilə heyrətamizdir.

O bildirib ki, Xınalıq haqqında internetdən məlumat əldə etdikdən sonra bu yerləri görməyi qərarlaşdırıb.

“Kəndin dağlar arasında yerləşməsi və insanlarının adət-ənənələrinə bu qədər sadiq olması təqdirəlayiqdir. Mən də bir gecəni burada keçirməkdən çox məmnunam, bu, mənim üçün tamamilə gözəl bir təcrübə oldu”, - deyə italiyalı qonaq vurğulayıb.

Kəndin dini ayinlərinin icraçısı Yusif Şabanov turistlərin əsasən iyul-avqust aylarında kəndi ziyarət etdiyini bildirib:“Xarici qonaqlar kənddə yerli sakinlərin evlərində gecələyirlər. Hazırda Xınalıq kəndində 300-ə yaxın ailə var. Yerli camaat keçmiş həyat tərzlərini qoruyub saxlayıb. İnsanlar burada əsasən maldarlıqla məşğul olurlar. Toylarımız və dini mərasimlərimiz ənənəvi şəkildə keçirilir. Əvvəllər kənddə yaşayan tayfaların öz məhəllələri, qəbiristanlıqları, məscidləri və müqəddəs yerləri olub. Hazırda da Xınalıqda müxtəlif tayfaların yaşadığı məhəllər var. Bu gün Xınalıqda əsasən 4 tayfanın nümayəndələri yaşayır".

Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımov bildirib ki, DTA tərəfindən Xınalıqla birlikdə ümumi olaraq 22 layihə icra edilir:“Xınalıq həyata keçirdiyimiz 22 layihədən sadəcə biridir. Digər 21 layihə arasında icra, ekspertiza, tender mərhələsində olan işlər var. Xınalıqla yanaşı, Şəki, Basqal, Lahıc və Qarabağda işlər aparırıq. Şəkidə hazırda ikinci etap tamamla işləri geir. Bu yaxınlarda onu təhvil verməyə hazırlaşırıq. Əsas su xəttinin çəkilişi tamamlanmaq üzrədir. Basqalda məscid və küçələrin bərpa işləri davam edir. Lahıcda 1 aya tikinti işlərinə başlayacağıq. Xocavəndin Tuğ kəndində layihələndirmə gedir, rəy gözlənilir. Şahbulaqda tenderə hazırlaşırıq. Ümumilikdə həyata keçirilən layihələrə muzeylər, inzibati binalar, turizm infrastruktur layihələri daxildir. Yəni, spesifika qarışıqdır”.

E. Bəyməmmədli

Bakı-Quba-Bakı

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanmışdır.