“Ölkənin indiki inzibati quruluşu dəyişməli, rayonlaşmanı yenidən aparmalıyıq”
Bu günlərdə "İTV Xəbər”-in İsmayıllının Gənzə kəndindən hazırladığı bir reportaj böyük marağa səbəb olub. Təəssüf ki, rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən bu qədim və səfalı kənd əsrarəngiz təbiəti, təmiz havası, soyuq bulaqları ilə yox, bom-boş qalmış küçələri, qapısı qıfıllı evləri, cəmi bir ailənin məskunlaşdığı bir yaşayış məskəni kimi gündəmə gəlib. Hazırda bu kənddə cəmi 3 fərdi olan bir ailə yaşayır.
Bu Abdullayevlər ailəsi isə kəndin yerli sakinləri deyillər. Onlar bura Laçın rayonundan məcburi köçkün kimi gəliblər. Kənd sakini Vəli Abdullayev deyir ki, əvvəl burada 60 ailə yaşayırmış. Lakin susuzluq, şəraitsizlik, işsizlik səbəbindən kənd əhalisi zamanla buranı tərk etməyə, paytaxt Bakıya və ətraf şəhərlərə üz tutmağa başlayıb. V. Abdullayevin sözlərinə görə, Laçın rayonu işğaldan azad olunduğu üçün onlar da tezliklə buranı tərk edəcək, öz ata-baba yurdlarına yerləşəcəklər. Beləcə Gənzə kəndi tamamilə kimsəsiz və tərk edilmiş bir yerə çevriləcək...
Təbii ki, hazırda Gənzənin timsalında Azərbaycanda onlarla, hətta bəlkə də, yüzlərlə tərk edilmiş yaşayış yerləri var. Kəndlərimizin boşalması, paytaxt başda olmaqla, iri şəhərlərdə əhalinin sürətlə artmasının səbəbi elə reportajda da qeyd olunan problemlərlə bağlıdır.
Bu gün yaşam standartlarının müasir dövrün tələblərinə cavab verə bilmədiyi regionlarımızda başlıca problem isə işsizlikdir. Hər il rayon yerlərində yaşayan yüzlərlə ailə məhz bu səbəbdən əllərində-ovuclarında olan hərşeylərini satıb, daha yaxşı bir həyata sahib olmaq, maddi baxımdan az da olsa, vəziyyətlərini düzəltmək üçün son bir ümidlə paytaxta üz tuturlar. Əlbəttə, bütün bunlar illərdir paytaxt əhalisinin sayının durmadan artdığını, dözülməz tıxacların yarandığını, şəhər təsərrüfatının iflic vəziyyətə düşdüyünü deyən və paytaxtı köçürmək kimi absurd təkliflərlə çıxış edən, sanki problemin kökündə dayanan məqamları gizlətməyə çalışan məmurları və deputatları nə maraqlandırır, nə də düşündürür. Hər halda maraqlandırsaydı bu 30 il ərzində regionların sosial-iqtisadi inkişafı istiqamətində konkret addımlar atılar, planlı layihələr, davamlı strategiyalar icra olunardı. Reallıq ondan ibarətdir ki, bu gün ölkədə sanki bir qütbləşmə yaranıb. Hazırda sosial-iqtisadi inkişaf səviyyəsinə görə, bir-birindən tamamilə fərqlənən iki qütb var - coğrafi baxımdan ölkə ərazisinin 5 faizini təşkil edən, lakin ölkənin iqtisadi potensialının ən azı 70-75 faizinə sahib olan Bakı və Abşeron yarımadası, ölkə coğrafiyasının 95 faizini əhatə edən, amma ölkə iqtisadiyyatında cəmi 25-30 faiz payı olan əyalətlər...
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid məlumatına görə, hazırda ölkə əhalisinin sayı 10 milyon 180 min nəfərdən artıqdır. Şəhərdə məskunlaşan əhalinin sayı 5 milyon 547 min, kənddə yaşayan əhalinin sayı isə 4 milyon 633 min nəfərdir. Əgər 2000-ci ildə şəhər əhalisi 51,1%, kənd əhalisi 48,9% idisə, 2024-ci ilin 1 yanvarına bu rəqəm 54,5% və 45,5%-dir. Yəni, kənd əhalisi sürətlə azalır, şəhər əhalisi artır.Əhalinin illik artım faizi də enir, həm də təhlükəli səviyyədə...

DSK-nin 5 avqust 2024-cü ilə aid buraxılışında qeyd olunub ki, hazırda Azərbaycanda ümumlikdə 4244 kənd var. Bu kəndlərin 338-də cəmi 50 nəfərədək əhali yaşayır. Yəni, bu kəndlərdə uzağı 5-10 ilə Gənzə ilə eyni aqibəti yaşamaq təhlükəsi ilə üz-üzədirlər. Əhali sayı 50-100 nəfər aralığında olan kəndlərimizin sayı 176, 101-200 nəfər əhaliyə sahib kəndlərimizin sayı 335, 201-500 nəfərin yaşadığı kəndlərimizin sayı 937-dir.
Azərbaycanda əhalisi 5000 nəfərdən artıq olan cəmi 94 kənd var.Maraq üçün qeyd edək ki, hazırda Azərbaycanda ən az əhaliyə malik kənd Şamaxı rayonunda yerləşir. Rayonunun Acıdərə kəndində cəmi 1 nəfər yaşayır. Əhali sayına görə sonrakı yerləri isə İsmayıllı rayonunun Pirqəm kəndi (2 nəfər), Gərzə kəndi (3 nəfər), Dahar kəndi (5 nəfər) tutur. Başqa rayonlarda da əhalisi az olan kəndlər var. Məsələn, Neftçalanın Qızqayıtdı kəndində 3, Siyəzən rayonunun Əlməkolu kəndində 4, Qaxın Bağtala kəndində 9 nəfər yaşayır.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, son dövrlər təkcə Azərbaycanda yox, bütün dünyada urbanizasiya (şəhərləşmə-red.) prosesi gedir:“Fikir versəniz, son vaxtlar əməyin formasında da bir dəyişim olub. Əvvəl yeganə dəyərli sahə kənd təsərrüfatı idi. İnsanlar əkinçilik, maldarlıqla məşğul olmaq üçün kəndlərə üz tutmuşdu. Sonradan texnologiya inkişaf etdi və kənd əhalisi nəqliyyat, tikinti, ictima-iaşə və digər sektorlarda olan işlərə yönəldilər. İnsanların yaşam yerləri onların iqtisadi fəaliyyətləri ilə təyin edilir. Məsələn, hazırda Böyük Britaniya iqtisadiyyatının 80%-i xidmət sektorunda formalaşıb. Halbuki Böyük Britaniya vaxtilə ən böyük kənd təsərrüfatı ölkəsi idi. İş hardadısa, insan ora gedəcək. Əvvəl iş də, iqtisadiyyat da kənddə idi. İndi isə şəhərdədir. Başa düşməliyik ki, əməyin dəyəri dəyişdikcə insanların qərarları da dəyişə bilir”.

Ekspert hesab edir ki, insanları zorla istəmədikləri yerdə yaşamağa məcbur etmək olmaz:“Məsələn, biz kənddə yaşayan bir çobana və ya gəncə deyə bilmərik ki, niyə oxuyub, ali təhsil almaq üçün Bakı, Gəncə və ya Moskvaya getmirsən? Təhsil, səhiyyə, iqtisadiyyat dəyişdikcə, insanlar sərbəst seçim edirlər. Dövlətin insanların bu cür davranışlarını dəyişməsi səmərəliliyi aşağı salırsa, bu, cəmiyyətə ziyan vuracaq. İş yerlərinin sayı artdıqca gələcəkdə şəhər əhalisinin sayı daha da artacaq. Getdikcə daha çox insan şəhərdə yaşamağa başlayacaq”.
X. Kərimlinin sözlərinə görə, analoji tendensiyanın gələcəkdə hansısa mənfi fəsadı ola bilməz:“Bu, təbii bir prsosesdir. Qarşısını almaq üçün hər hansı bir addıma ehtiyac yoxdur. Əksinə bu cür boşalmalar böyük fermer təsərrüfatlarının yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, “hansısa rayonda nəsə açılsın” kimi fikilər də yanlışdır. Ölkənin indiki inzibati quruluşu sovet dönəminin iqtisadiyyatına uyğun olaraq formalaşıb. Biz inizbati quruluşu dəyişməli, rayonlaşmanı yenidən aparmalıyıq. Çünki o dövrün iqtisadiyyatı ilə bu dövrün iqtisadiyyatı eyni deyil. Sovet iqtisadiyyatında rayonlaşma özünün iqtisadi tələbatına uyğun aparılmışdı. Planlı komanda iqtisadiyyatı var idi, dövlət tərəfindən nəzarət olunurdu. İndi isə özəlləşmə var. Sahibkar istər Bakıda, istər rayonlarda iş yerləri aça bilər. İqtisadiyyat da bu iş yerləri əsasında formalaşır. Hadisələri süni müdaxilələrdənsə, təbii inkişafına buraxmaq lazımdır”.
Ekspert əlavə edib ki, hökumət şəhərlərdə insanların normal yaşamını təmin etmək üçün infrastruktur formalaşdırmalıdır:“Məsələn, bu gün Bakıda ən böyük problem ictimai nəqliyyatdadır. Hökumət 30 il ərzində cəmi 4-5 metrostansiyası inşa edib. Özü də aşağı dəyərlərlə işlər aparılıb. Halbuki burada xarici ölkələrin təcrübələri tətbiq oluna, daha əhatəli və geniş metro şəbəkəsi yaradıla bilərdi. Bu gün Bakıdan 10 dəfə böyük şəhələr var ki, onların problemləri bizdən dəfələrlə azdır. Çünki onlar zamanında ağıllı ictimai nəqliyyat sistemi qurublar. Bizdə də bu cür məsələlərə önəm verilməlidir”.
İsmayıl İsmayılov
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.


Şərhlər
İqtisadi qütbləşmə problemini Ekspert müasir-şəhərləşmə həlli kimi versə də, təmərküzləşmədən keçən xaricilər dəfələrlə (Bakı-Abşeron tıxacı yox?) şaxələndirmə zərurətini qeyd ediblər!? Doğma kiçik ölkəmizdə *Bələdiyyə özgəliyi* elə MDB üzvlüyündən duyulur? Xarici inteqrasiya nə qədər uzaq olsa da daxili subyektləri ixtisar etməli yox, hər bələdiyyə və kəndləri yüzminlərlə sərmayələrlə müasirləşdirməli idi???
Bu demoqraik vəziyyətin əsas səbəblərdinən ən birincsi ölkə iqtisadiyyatını dağıdıb ölkəni importdan asılı vəziyyətə salınmasıdır.Sanki bu qəsən xalqı blərəkdən əziyyətə salnağın nəticəsidir.Ölkədə pamblq olduğu halda iri tekstil fabrikalarını ,minlərlə insan işləyən maşınqayırma zavolarını ağıdıb avaanlıqlarını netal qırıntısı kimi satmaq və sair,yeyinti məhsulları kombinatlarını bağıamaq.yalandan Azərbayana iqtisadiyyat inkişaf edir demək,xlırda sahibkarların mini selərini inişaf kimi qey etmək ölkəni bu hala salığnı grməyən,bilməyən varmı? Buvarvarlığı yapanıar niyə və necə oliqar olular?Buurmu iarəçilik?
Ekspertsiz amma boş boş danışırsız.Rayonda iş yerləri açın daha çayxanalar restoranlar yox.Zavodlar fabriklər vergini,kommunalları aşağı edin .Görün camaat villasını qoyub Bakıya daxmada qalmağa üstün tutacaq
Güclü sosial-iqtisadi inkişafl qane etmir, ya bir ipin iki başı? Cəmiyyətlər ailə, məhəllə(kvartal), kənd(qəsəbə)bəl, rayon(mahal), şəhər, il(vilayət)də toplanmaqla dövlətdə rəsmiləşir. Milli Məclisi isə 4244-338=3906 ixtisarı belə qane etməyib ki, 685dən çox olmaz? Səbəbi nədir? On il öncə heç bir uşaq bağçası, məktəb problemi üzə çıxmırdı, indi yüzlərlə yenisinə ehtiyacı bələdiyyə görüb, etsin!
kendlerde yashayan ehali uchun ushag pulu sherttdir. 7 ushag ve chox olan ailelere avtomobil yaxud traktor her ushag uchun 50 usd , indiden bu tetbiq olunsa novbeti 20 ile demografik veziyyet duzeler. olkeye hem esger lazimdir hem hekim hem de coban. . sheher ehalisinde artim t tempi gozlenilmir. kendlere diqqet artmalidir. surelte boshalma gedir
u köçün əsas səbəbi oliqarxların kənd torpaqlarını zəby eyməsi,Hakimiyyətin kənd əhalisinin yaşam,təminat və işsizlik problemləri olmasıdır.hələ si kəndlrdən yazırsınız,Rayonlar bunan a acınacaqlı haldadır.Ölkə bi neçə oliqarxlar üçün poliqona şevrilib.
Axır ki bir savadlı ekspert çıxıb bu mövzu barədə normal məlumat verdi