"Ermənistan Azərbaycana hücum etməyə hazırlaşmır. Hazırda ermənilər dinc birgə mövcudluq istəyir və buna sübut bizim partiyanın hakimiyyətdə olmasıddır. Mən tez-tez təəccüblənirəm ki, niyə və nə üçün Azərbaycan tərəfi və ya Azərbaycan əhalisi "Ermənistan yenidən hücum etmək qərarına gələ bilər, ya da yeni müharibə başlada bilər" barədə düşünməlidir? Mən buna hansısa səbəblər görmürəm”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan “Azadlıq” radiosuna müsahibəsində bildirib.
Simonyan vurğulayır ki, Ermənistan öz ərazisinin 29 min 743 kvadratkilometr olduğunu elan edib və onun istədiyi yalnız bu ərazilərdir.
Ermənistanın xarici ölkələrdən silah alması ilə bağlı Azərbaycanın ittihamlarına gəlincə isə, Simonyan ölkəsinin bunu özünü müdafiəsi üçün etdiyini deyib. O, Azərbaycanla Ermənistanın silah alışının müqayisəedilməz olduğunu bildirib: "Hər zaman nəsə barədə razılaşıb, bir-birini nədəsə ittiham etmək olar. Rusiya Ukraynanın təhlükəsizliyinin zəmanətçisi idi. Sizə yaxşı nümunədir. Bu gün Ermənistanda təkcə bizim partiyamız hakimiyyətdə olduğu üçün yox, insanlarda da artıq sülh bağlamağın vaxtının çatması ilə bağlı əhval-ruhiyyə var. Bizim öz ölkəmiz var və ərazisi 29 min 743 kvadrat kilometrdir. Bizim dəqiq xəttimiz var və biz onu Almatı Bəyannaməsi ilə tanımışıq. Ermənistanla Azərbaycan arasında olan sərhəd hər iki tərəfdən hüquqi sənədlərlə tam olaraq sənədləşdirilib".
Zəngəzur dəhlizinin açılmasına gəlincə, Simonyan Ermənistanın öz ərazisindən dəhliz vermək fikrinin olmadığını söyləyib. O, iki ölkə arasında kommunikasiyaların açılması məsələsində Avropa İttifaqı ilə Rusiya arasında olan Kalininqrad nümunəsinin tətbiqinin mümkünlüyünə də toxunub: "Biz Rusiya və Avropa İttifaqı kimi yaşamağa hazırlaşırıq? Mən hesab edirəm ki, biz Ermənistanın Gürcüstanla, Gürcüstanın isə Azərbaycanla yaşadığı kimi yaşamağa hazırlaşırıq. Biz mümkün olan bütün yolları sabah da açmağa hazırıq ki, istənilən azərbaycanlı İrəvana gəlib istirahət edib, nəsə alıb, oradan başqa yerə - Naxçıvana getsin. Geri qayıdanda isə başqa şəhərdə dayanıb, sonra yenə davam edə bilər... Ermənilər də Bakıya, Sumqayıta və digər şəhərlərə gəlib, orada münasibət qursunlar, çay və ya kofe içib, məsələn, Dağıstana yola düşsünlər".
“AzPolitika.info”


Şərhlər