44 günlük müharibədəki və keçən il Qarabağda keçirdiyimiz əməliyyatdakı uğurumuzun əsas səbəblərindən biri də məhz ölkəmizin apardığı çoxşaxəli xarici siyasət oldu. Bu diplomatiya Azərbaycanı istər qərbdən, istər şimaldan, istərsə də cənubdan gələn mümkün təhlükə və təhdidlərdən qoruya bildi. Nəticədə ölkəmiz uzun illərdən bəri apardığı suverenlik və ərazi bütövlüyü uğrunda mücadilədə çoxminlik qurbanlar vermək bahasına da olsa, qalib gəldi…

Bu gün də Azərbaycanın Kazanda keçirilən BRİCS toplantısında ən yüksək səviyyədə təmsil olunması məhz həmin çoxşaxəli xarici siyasətin daha bir təzahürüdür. Eyni zamanda, bir çoxları Azərbaycanın bu quruma olan marağını Rusiya ilə bağlamağa çalışsalar da, bu yanaşma kifayət qədər səthi və qeyri-peşəkardır.

Birincisi, BRİCS yalnız Rusiyadan ibarət deyil. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın qurucu ölkə statusu daşıdığı təşkilata sonradan Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də qoşulub. BRİCS ölkələrinin əhalisi təxminən 3,5 milyarddır. Bu isə dünya əhalisinin təxminən 45%-inə bərabərdir. Bu dövlətlər dünya iqtisadiyyatının təxminən 25%-ni təşkil edir və dünyadakı xam neftin 44%-ni istehsal edirlər. Statistikanı davam etdirmək olar, lakin təkcə bu rəqəmlər sözügedən təşkilatın miqyası və Azərbaycan üçün əhəmiyyəti barədə dolğun təsəvvür yaradır. Azərbaycan nədən belə bir bazardan, mümkün maliyyə və investisiya mənbələrindən imtina etməlidir?

Əlbəttə ki, ölkəmiz bu cür böyük potensiala və gücə malik qurumun imkanlarında istifadə etsə, bundan yalnız müsbət nəticələr əldə edə bilər. Xüsusilə də Çin kimi iqtisadi nəhəngin regionumuzdakı maraqları, buradan keçə biləcək nəqliyyat xətləri və s. məsələlər nəzərə alındıqda, BRİCS kifayət qədər cəlbedicidir.


Yeri gəlmişkən, Kazan toplantısında iştirak edənlər sırasında Ermənistan Baş naziri Nikol Paşinyan da var. Ancaq təbii ki, Azərbaycanın çəkisi, mövqeyi, iqtisadi imkanları, apardığı xarici siyasət və s. ölkəmizi Ermənistanla müqayisədə BRİCS üçün daha samballı tərəfdaş edir…

İkincisi, bu qurum hərbi təşkilat sayılmır və əlbəttə ki, ölkəmizin Qoşulmama hərəkatının fəal üzvü olmasına rəğmən, belə bir təşkilata mümkün üzvlüyü Azərbaycan üçün maneə deyil.


Nəhayət, unutmayaq ki, əsas strateji tərəfdaşımız olan qardaş Türkiyənin də BRİCS-ə böyük marağı var. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kazandakı sammitdə iştirakı da təsdiqləyir. Qeyd edək ki, NATO Baş katibi Mark Rutte Ərdoğanın BRİCS sammitində iştirakının onun NATO üzvlüyü ilə heç bir ziddiyyət təşkil etmədiyini bəyan edib. Bu, o deməkdir ki, Türkiyə kimi Azərbaycanın da BRİCS ilə əməkdaşlığının və gələcək üzvlük perspektivinin ölkəmizin Qərb institutları ilə münasibətlərinə mənfi təsirindən danışmağa dəymir. Əksinə, Azərbaycan “COP29” kimi tədbirləri keçirməklə, Qərblə Şərq, eləcə də “Qlobal Cənub” və “Qlobal Şimal” ilə eyni platformada əməkdaşlığın mükünlüyünü göstərən parlaq nümunəyə çevrilir. Ölkəmizİn BRİCS ilə əməkdaşlığına da məhz bu kontekstdən baxılmalıdır.

Bütün bunlarla yanaşı, təbii ki, ölkəmizdə iqtisadi, siyasi, sosial və s. sahələrdə ciddi islahatlar aparılması da olduqca önəmlidir. Məhz bu islahatlar Azərbaycanın simasını daha yaxşıya doğru dəyişməsinə gətirib çıxara bilər ki, bu halda da təkcə BRİCS deyil, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanı öz sıralarında görməkdən məmnun olarlar…

Rasim Əliyev

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.