Bu gün bütün nəzərlər Gürcüstanda keçirilən parlament seçkilərindəykən, nüfuzlu beynəlxalq sorğu mərkəzlərinin rəy sorğularının nəticələri və proqnozları böyük maraqla izlənilir. Günün sonunda seçki öncəsi verilən proqnozların nə dərəcədə özünü doğrultduğu məlum olacaq.
Qeyd edək ki, seçki günü bülletenlərdə ümumilikdə 19 partiya və koalisiya təmsil olunur. Oktyabrın birinci yarısında məşhur “Edison Research” tərəfindən aparılan sorğuya əsasən, 19 iddiaçıdan yalnız altısı parlamentə düşmək üçün tələb olunan beş faizlik baryeri keçə biləcək. Bunlar hakim “Gürcü Arzusu”, müxalif “Birlik” (liberallar, sağ mərkəzçilər), “Gürcüstan naminə” (mərkəzçilər), “Dəyişiklik üçün Koalisiya” (liberallar, mərkəzçilər), “Güclü Gürcüstan” (liberallar, mərkəzçilər) və “Gürcüstan İşçi Partiyası”dır (sosial demokratlar).
Rusiyayönlü ultra-mühafizəkar “Gürcüstan Vətənpərvərlər Alyansı” isə səslərin uzağı 3%-ni qazana bilər.
Bu araşdırmada sosioloqlar “Gürcü Arzusu”nun reytinqinin 34%, dörd əsas qüvvədən ibarət müxalifət koalisiyasının reytinqinin isə 53% təşkil etdiyi fikrindədirlər. Bu halda müxalifətin nəticəsi parlamentdə sadə səs çoxluğu əldə etmək üçün kifayət edir. Oxşar rəqəmlər “Savanta” şirkəti tərəfindən seçki öncəsi keçirilən sorğuda da göstərilib - “Gürcü Arzusu” üçün 35%, müxalifət üçün isə 52%.

Bəs proqnozlar özünü doğrultsa, Gürcüstanda seçki saxtakarlığı gözləmək olarmı?
ATƏT 2020-ci ildə Gürcüstanda keçirilən parlament seçkilərini rəqabətli elan edərək, fundamental azadlıqlara ümumilikdə hörmət edildiyini bildirmişdi. Eyni zamanda, ATƏT səsvermə zamanı seçicilərə təzyiq halları ilə bağlı məlumatların olduğunu da qeyd etmişdi. Xarici medianın da qeyd etdiyi kimi, bu dəfə seçki öncəsi ictimai məkan tamamilə hakim partiyanın əlində olub. Onun təbliğat imkanlarının üstünlüyü küçələrdə, ictimai nəqliyyatda, reklam lövhələrində, sosial şəbəkələrdə və televiziyada aşkar görünüb. Buna baxmayaraq, seçki öncəsi müxalifətin keçirdiyi aksiya hakim partiyanın keçirdiyi təbliğat mitinqindən daha kütləvi və möhtəşəm olub.
Qeyd olunur ki, bu seçkidə hakim “Gürcü Arzusu”nun saxtakarlıq imkanları məhdud olacaq. Məsələn, xarici mediaya danışan gürcü politoloq, professor Laşa Dzebisaşvili iddia edir ki, hakimiyyət üçün saxtakarlıq etmək asan olmayacaq. Buna səbəb təkcə müxalif və müstəqil müşahidəçilər yox, həm də səsləri avtomatik oxuyan elektron seçki qutularıdır. Lakin politoloqun narahatlığı ilk növbədə “Gürcü arzusu”nun öz məğlubiyyətini qəbul etməkdən mümkün imtinası ilə bağlıdır. “Risk var ki, “Gürcü Arzusu” onun üçün fəlakətli seçki nəticələrinə baxacaq, hökumət yarada bilməyəcəyini və gücünü itirməkdə olduğunu başa düşəcək və “va-bank” gedərək, yekun nəticələri özü istədiyi kimi “cızacaq”. Sonda onlar istədikləri rəqəmləri ortaya qoyacaqlar. Bu, hakimiyyətin faktiki işğalı olacaq”.
Qeyd edək ki, gürcü politoloqun narahatlıqlarının əsassız olmadığının ilkin əlamətləri görünməkdədir. Ölkənin Baş naziri İrakli Kobaxidze seçkidə səs verdikdən sonra deyib ki, günün sonunda müxalifət hakim partiyanın 60% səs toplayacağını qəbul etməlidir. Bu ritorika təəssüf ki, bir daha xarici ekspertlərin də dediyi kimi, seçkidən sonra ciddi qarşıdurma və iğtişaşlar olacağı barədə proqnozları aktuallaşdırır…
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər