Menu

Avropa Qəzzadakı qırğınlara görə İsraildən üz döndərir – İctimai rəy dəyişib, sanksiya çağırışları artır

28.10.2024, 13:03
Avropa Qəzzadakı qırğınlara görə İsraildən üz döndərir – İctimai rəy dəyişib, sanksiya çağırışları artır

İsrailin Qəzza zolağında və Livanda apardığı müharibələr onun ənənəvi müttəfiqi olan Avropa ilə münasibətlərini gərginləşdirib.

Avropa ölkələri İsraili Fələstinə məxsus anklav olan Qəzza zolağında bir ildən çoxdur apardığı dağıdıcı müharibəyə, eləcə də Livanı havadan bombardman etməsinə və qurudan hücumuna görə tənqid ediblər.

Qərb mediası yazır ki, İsrailə qarşı silah embarqosu, İsrail hökumətinin aşırı sağçı üzvlərinə qarşı sanksiya çağırışları və Avropa İttifaqının İsraillə ticarət razılaşmasına yenidən baxılması tələbləri artmaqdadır.

Romada fəaliyyət göstərən beyin mərkəzinin - Avropa-Körfəz İnformasiya Mərkəzinin aparıcı tədqiqatçısı Pyerkamillo Falaska bunu İsraillə Avropa arasında "münasibətlərin ən pis səviyyəsi" adlandırır.

May ayında İspaniya, İrlandiya və Norveç Fələstin dövlətini rəsmən tanıdıqlarından İsrailin kəskin qınağı ilə üzləşiblər. Bundan öncə 27 üzvü olan Avropa İttifaqının daha səkkiz üzvü artıq Fələstini tanımışdı.

Əslində, simvolik sayılan bu addımın məqsədi İsraillə HƏMAS arasındakı münaqişəyə son qoyulması üçün diqqəti dinc danışıqlara yönəltmək idi.

Bu ayın əvvəlində İtaliya Baş naziri Ciorcia Meloni hələ ötən ilin oktyabrında - İsrailin Qəzzaya hücumundan sonra ölkəsinin İsrailə silah embarqosu tətbiq etdiyini açıqlayıb. İsrailə ən çox silah satan dövlətlər arasında İtaliya üçüncü yerdədir.

Fransa Prezidenti Emmanuel Makron da bu ay İsrailə silah satışlarını dayandırmaqla bağlı çağırış edib. Paris İsrailə bəzi silah və sursatların ixracına məhdudiyyət qoyub.

Aİ iyul ayında zorla Fələstin torpaqlarında məskunlaşan israillilərdən bir neçəsini Qərb Sahilində fələstinlilərə qarşı ciddi və sistemli insan haqları pozuntularına və humanitar yardımın Qəzzaya çatdırılmasının qarşısının alınmasına görə ilk dəfə sanksiyalara məruz qoyub.

Bəzi Avropa liderləri Aİ-nı İsraillə Assosiasiya Sazişinə yenidən baxmağa çağırıblar. Onlar İsrailin ticarət sazişinin insan haqlarına dair müddəasını (2-ci maddəni) Qəzzada pozduğunu əsas gətiriblər. Aİ üzvü olmayan Britaniya da İsrailin bəzi aşırı sağçı nazirlərinə qarşı sanksiya tətbiq etmək haqda düşünür.

Media yazır ki, İsrailin Qəzzada apardığı savaşda ölüm sayının artması Avropada ictimai rəyi dəyişdirib. Fələstin rəsmilərinin bildirdiyinə görə, bugünədək müharibədə öldürülənlərin sayı 42 min nəfəri keçib. Onların da əsas bölümü mülki şəxslərdir.

Qeyd olunur ki, İsrailin Livanın cənubunda BMT sülhüqoruma qüvvələrinə atəş açaraq üzvlərdən bəzilərini yaralaması bir çox Avropa ölkəsi üçün dönüş nöqtəsi olub. Fransa, İtaliya, İrlandiya və İspaniya BMT-nin Livandakı Müvəqqəti Qüvvəsinə (UNIFL) öz əsgərlərini göndərib.

Oktyabrın 19-da Aİ-nın 16 müdafiə naziri növbəti hücumların önünü kəsməkdən ötrü İsrailə maksimum siyasi və diplomatik basqıya çağırıb.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun İsrail məsələləri üzrə aparıcı tədqiqatçısı Nimrod Qoren deyir ki, Avropada geniş yayılan küçə etirazları, İsrailin elmi və mədəni sahələrdə boykot edilməsinə çağırışlar nəyinsə dəyişməkdə olduğu təsəvvürü yaradıb: "Ancaq hökumət səviyyəsində dəyişiklik qeyri-rəsmi müstəvilərdə görüləndən daha azdır".

Qoren deyib ki, Aİ üzvləri birliyin İsraillə azad ticarət razılaşmasını geri çağırmaq, yaxud məhdudlaşdırmaqla bağlı dərin parçalanma ilə üzləşiblər. Onun sözlərinə görə, Avropanın Almaniya kimi güclü dövlətləri hələ də İsraili dəstəkləyir.

Media yazır ki, Yaxın Şərqdəki münaqişələr və gərginliyin artması Avropaya birbaşa təsir göstərib. Bu təsirlər arasında beynəlxalq daşımalarda yaranan çətinliklər və neft qiymətlərin artması da var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol