Menu

Taleh Qaraşovu təqib edərək işə gəlib-getmə vaxtlarını öyrənibmiş

29.10.2024, 16:15
Taleh Qaraşovu təqib edərək işə gəlib-getmə vaxtlarını öyrənibmiş

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

B.Əskərov özünü qismən təqsirli bilib. O, proses zamanı ifadə vermək istəməyib. Hakim heyəti əvvəlcə zərərçəkənlərin dindirilməsi barədə qərar qəbul edib.

Məhkəmənin növbəti iclası dekabrın 3-də keçiriləcək.

Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlu digər şəxslərlə əlaqəyə girərək Azərbaycan ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsində şübhəli bilinərək saxlanılıb.

Əskərovun nifrət bəslədiyi şəxslərdən biri Lənkəranın icra başçısı Taleh Qaraşov olub. İttihama görə, Bəhruz Əskərov Azərbaycanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. 

Onun həyatına sui-qəsd təşkil etmək üçün işə keçib. Müxtəlif vaxtlarda onu təqib edib, işə gəlib-getmə vaxtlarını öyrənib. Bundan başqa o, ətrafına topladığı şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının həyatına sui-qəsd həyata keçirməyi tapşırıb. 

Ona Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol