Türkiyə hökuməti Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə neft-qaz layihələrinə ortaq olan TPAO (Türkiyə Petrolları Anonim Ortaqlığı) şirkətini özəlləşdirməyə çıxarıb.
Virtualaz.org saytı BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, şirkətin özəlləşdirilməsi üçün qanun layihəsi hazırlanaraq parlamentə göndərilib.
Özəlləşdirmənin üsulu hələ müəyyən deyil. Petrol-İş həmkarlar təşkilatı isə şirkətin özəlləşdirilməsinə qarşı çıxıb.
TPAO-nun özəlləşdiriləcəyinə dair məlumatı enerji və təbii ehtiyatlar naziri Taner Yıldız açıqlayıb. O, şirkətin səhmlərinin neçə faizinin özəlləşdirləcəyini deməyib.
Şirkətin keçmiş vitse-prezidenti Mete Gürel isə deyib ki, özəlləşdirmə zamanı xarici maliyyəçilər cəlb edilməli, səhmlərin ən çoxu 49 faizi satılmalı və 51 faizi dövlətdə qalmalıdır.
Petrol-İş həmkarlar təşkilatı isə şirkətin özəlləşdirilməsinin qəti əleyhinədir və TPAO-nun digər dövlət şirkəti BOTAŞ-a birləşdirilməsini təklif edir. Təşkilat hesab edir ki, TPAO dövlətin əlində beynəlxalq enerji siyasəti baxımından önəmli gücdür və onun özəlləşdiirlməsi enerji məsələsində dövlətin mövqelərini zəiflədəcək.
TPAO Azərbaycanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində təmsil olunur.


Şərhlər