“Meydan TV” ilə əməkdaşlıq edən bir neçə jurnalist saxlanılıb.

Dünən Daxili İşlər Nazirliyi Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar saxlanıldığı barədə məlumat yaymışdı.

Digər jurnalistlərlə bağlı isə hələ ki rəsmi açıqlama yoxdur.

“Qafqazinfo”nun məlumatına görə, “Meydan TV” ilə əməkdaşlıq edən Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudovanın vəkilləri bildiriblər ki, onların barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Onların hər biri 48 saat müddətə şöbhəli şəxs qismində tutulub və məhkəmə qarşısına çıxarılmaları gözlənilir.

***

Dekabrın 6-da axşam saatlarında "MeydanTV"-nin saxlanılan əməkdaşı Natiq Cavadlının Sumqayıtda yaşadığı mənzildə axtarış aparılıb. Bu barədə jurnalistin ailəsindən "Turan"a bildiriblər.

Məlumatda bildirilir ki, Natiq özü də axtarışda iştirak edib.

Dekabrın 6-da axşam saatlarında "MeydanTV"-nin saxlanılan digər əməkdaşı Aynur Elgünəşin də yaşadığı evdə də axtarış aparılıb.

Bu barədə jurnalistin qohumları bildirib ki, evin açarları Aynurda idi: "Çox yəqin ki, axtarışda Aynurun özü iştirak edib. Çünki evin qapısı sındırılmayıb. Nə götürdükləri barədə bir söz dedyə bilmərik” .

"MeydanTV"-nin redaksiyasından saxlanılan digər jurnalistlərin də mənzillərində axtarış aparıldığını bildiriblər.