Əliməmməd Nuriyev
(“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti)
16 dekabr 2024-cü il tarixində qəbul edilən “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara dəyişiklik, Azərbaycanın məhkəmə-hüquq sistemində mühüm bir dönüş nöqtəsidir. Bu dəyişikliklər təkcə hüquqi prosedurun yenilənməsi deyil, eyni zamanda hüquqi düşüncə tərzində yeniliyin, insan və ədalət anlayışının daha səmərəli ifadəsi üçün atılmış addımdır. Yeni yanaşma – üç mərhələli seçim sistemi – məhkəmə sisteminin mahiyyətinə daha yaxın, insanın hüquq və ədalət qarşısında bərabərliyi ideyasını yenidən gündəmə gətirir.
Əvvəlki altı mərhələli seçim sistemi mahiyyət etibarilə dərin və hərtərəfli idi. Qanunvericiliyin nəzərdə tutduğu bu çoxmərhələli prosedur namizədləri hər tərəfdən "süzüb", peşəkar və məsuliyyətli hakimlərin formalaşmasını təmin etməyə çalışırdı. Lakin insanın ədalətə və məhkəməyə ehtiyacı, hər şeydən öncə, zamanında təmin edilən ədalətdir.
Uzunmüddətli və çoxpilləli seçim sistemi nə qədər məqsədəuyğun görünsə də, sürət və çeviklik kimi tələblərə cavab vermirdi. Məhkəmə sistemində boş qalan yerlər, hakim çatışmazlığı, qərarların yubadılması kimi problemlər, cəmiyyətin ədalət gözləntilərini sarsıda bilirdi. Unutmayaq ki, ədalət gecikdikdə, bəzən onun təmin olunması belə şübhə altına düşə bilər. Yeni üç mərhələli sistem – test, yazılı imtahan və müsahibə – daha konkret və sürətli bir model təklif edir. Ancaq bu sadəlik, özündə peşəkarlığın, vicdanın və ədalətə sadiqliyin təminatını əks etdirir. Test mərhələsi bilikləri ölçür, yazılı imtahan namizədin məntiqi və hüquqi düşüncə qabiliyyətini üzə çıxarır, müsahibə isə onun əxlaqi və peşəkar mahiyyətini – insanlığını qiymətləndirir. Hakim olmaq yalnız qanun bilicisi olmaq deyil, insan təbiətini, cəmiyyətin ədalətə olan sonsuz ehtiyacını anlamaqdır. Bu yanaşma, əslində hüquqi fəlsəfənin köklərinə – ədalətin şəffaf və hər kəsə əlçatan olması prinsipinə qayıdışdır.
Dünyanın bir çox ölkələrində də oxşar islahatlar həyata keçirilir. Fransa, Almaniya və İsveç kimi hüquqi ənənələri köklü olan ölkələrdə hakim seçimi sadə və şəffaf mərhələlərlə təmin edilir. Lakin burada əsas məqam qanunların ruhuna – obyektivliyə və vicdanlı qərar qəbul etməyə sadiqlikdir. Beynəlxalq standartlar, o cümlədən BMT prinsipləri də göstərir ki, məhkəmə sistemi yalnız qanunlarla deyil, ədalətə olan ictimai inamla yaşayır.
Yeni qanunun tətbiqi, Azərbaycan məhkəmə sisteminin insana daha yaxın, daha şəffaf və daha çevik olması üçün böyük bir addımdır. Çünki ədalətin özəyində insan dayanır – onun ağrısı, haqsızlığa məruz qalması və haqqa olan ümididir. Hakimlərin seçilməsi mexanizminin sadələşməsi, əslində ədalətin insana daha yaxınlaşmasını ifadə edir. Məhkəmə zalında hakim kürsüsündə oturan şəxs təkcə qanunları deyil, insanlığın tarixi boyunca qurduğu “ədalət mülkün təməlidir” fikrini də təmsil edir. Bu islahatlar, ədalətin vaxtında, şəffaf və insanlara inamla çatdırılmasını təmin etməklə, hüququn cəmiyyətdəki canlı ruhunu daha da gücləndirəcək. Azərbaycan məhkəmə-hüquq sistemi üçün bu dəyişiklik, yalnız qanunların dəyişməsi deyil, ədalətin insanlara yaxınlaşması yolunda yeni bir mərhələnin başlanğıcıdır.


Şərhlər
Zaman-zaman cənab Prezident tərəfindən ölkədə Məhkəmə hüquq sistemində islahatların aparılması, xüsusən də qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı vermiş olduğu qərarlar təqdir edilir. Bu baxımdan hakimlərin yeni seçimi ilə bağlı, qəbul ediləcək bu qərarlar olduqca vacibdir və operativlik baxımından mükəmməldir. Lakin bütün bunlarla paralel yaxşı olar ki, hakimlərin müstəqil fəliyyəti üçün onların konstitusion haqları da özlərinə qaytarılmalıdır. Yəni praktiki cəhətdən məhkəmələr icranın bir qolu kimi görünməkdən xilas olmalıdırlar. Əks halda yeni nəsil hakimlərin bir çoxu işə başladıqda mövcud vəziyyəti görüb məyyus olacaqlar və olurlar da.. Bir də yaxşı olardı ki, hakimliyin yaş həddi Konstitusiya məhkəməsində 75, digər ağağı instansiyalarda isə 70 yaş olsun. Hətta sonradan işləmək istəyənlərə, yəni fiziki gücü və sağlamlığı imkan verən hakimlərə ( hər il sağlamlıq haqqında tibbi arayış təqdim edilməklə) hər il bir il artırmaqla əlavə 5 ildə işləmələrinə imkan verilsin. Çünki, hakimlər yaşlandıqca həm prşəkarlaşırlar və həm də müdirikləşirlər. Gənc hakimlərdə bu deyilən keyfiyyətlərin olmaması, hətda az olması məhkəmə proseslərində özünü kəskin formada büruzı verir. Təbii ki, hakimlərin yaş həddi ilə bağlı bu fikirlərin dəyərləndirilməsi Məhkəmə Hüquq Şurasının işi olduğu üçün, son söz onlarındır.
Möhtəşəm qərarlrar. Amma bütün bunlarla paralel hakimlərin müstəqil fəliyyəti üçün onların konstitusion haqları da özlərinə qaytarılmalıdır. Yəni praktiki cəhətdən hakimlər icranın bir qolu kimi görünməkdən xilas olmalıdırlar. Əls halda hakimlerin o yeni medodla seçilməsinində üzərinə kölgə düşəcək və yeni nəsil hakimlərin əksəriyyəti məyyus olacaqlar. Bir də təklif edərdik ki, hakimliyin yaş həddi konstitusiya məhkəmələri üçün 75, digər instansiya məhkəmələri üçün isə 70 yaş olsun. Sonradan hər iki halda işləmək istəyənlər hərdən bir il artırılmaqla beş il də əlavə olaraq işləsinlər..Çünki hakimlər yaşlandıqca daha peşəkar və müdirik olurlar. Yəni deyilən kriteriyalara çatanda hakimin işdən kənarlaşdırıması məhkəmə sisteminə zərbədir. Yeni nəsil hakimlərin iclaslarında bu fərq özünü büruzə verir. Onlar Nə qədər mükəmməl bir seçim nərhələsindən keçsələr də qeyri prşəkarlıq özünü gğstərir.
Rus yazıçısı A.Qriboyedovun "Ağıldan bəla" əsərinin qəhrəmanı Çatskinin dilindən səslənən məşhur bir ifadə var: "А судьи кто?" İndi onun sözü olmasın, bu adamlardan müsahibə götürən münsiflərin özləri kimdir? Hakim adına parodiya, ədalət, qanun, vicdan nə olduğunu bilməyən elementlər!
Azərbaycanda məhkəmə və ədalət sözləri bir araya sığmayan sözlərdir. Yuxarıdan nə tapşırılırsa, onu da edirlər. Biabırçı vəziyyətdir.