Menu

Müsavatın mitinqi başa çatdı (VİDEO)

14.12.2014, 15:07
Müsavatın mitinqi başa çatdı  (VİDEO)

Müsavat Partiyası dekabrın 14-də Bakıdakı «Məhsul» stadionunda «Siyasi Məhbuslara Azadlıq!» şüarı ilə mitinq keçirir. Daha əvvəl Milli Şura da eyni məkanda bənzər tələblə bir neçə mitinq təşkil etmişdi.

Mitinq hələ başlamasa da, Müsavatın indiki və keçmiş başqanları artıq "Məhsul" stadionundadırlar. Meydanda bir neçə yüz adam var.

Mitinqdə Azərbaycanın dövlət himni səsləndirilib və sonra çıxış üçün söz Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə verilib.

İsa Qəmbər İnsan Haqları Gününün tarixindən danışaraq bildirib ki, ölkədə həbs edilən siyasi məhbusların azadlığa çıxması üçün davamlı mübarizə aparılmalıdır: “Həbsdə olanların sayı-hesabı yoxdur. O adamları həbs edirlər ki, onlar haqqı-ədaləti deyirlər. Onların hamısına qarşı hakimiyyət total bir mübarizə aparır”.

Azərbaycanda dəyişikliyin labüd olduğunu bildirən İ.Qəmbər deyib ki, amma bu, öz-özünə olmayacaq: “Bunun üçün fədakarlıq lazımdır, mübarizə aparmaq lazımdır”.

İ.Qəmbər bildirib ki, haqq-ədalət yolunda olan insanlar hər zaman qalib gəlirlər: “Biz buna inanmışıq. Azərbaycan xalqının azad, ədalətli, ləyaqətli yaşamaq haqqı var. Mən bu mübarizədə xalqımızın qələbəsinə inanıram və mübarizəyə davam etməyə səsləyirəm”.

Həbsdə olan müsavatçılar Sirac və Fərəc Kərimli qardaşlarının atası Raqif Kərimli də mitinqdə çıxış edib. O, bildirib ki, azadlıq uğrunda mübarizə davam etməlidir. Həbsə olanlara əfvlə bağlı təzyiqlər olunduğunu deyən R.Kərimli qeyd edib ki, azadlığı sədəqə kimi verməzlər: “O insanların günahı yoxdur, niyə əfv istəməlidirlər ki?”.

Aksiyada Güneyli Azərbaycan mühacirlərinin müraciəti də səsləndirilib. Müraciətdə bildirilir ki, güneyli mühacirlər 20 ildən artıqdır ki, Azərbaycanda yaşasalar da, hüquqlarını tələb edə bilmirlər: “Burada bizim hüquqlarımız tam şəkildə tapdalanır. Biz hüquqlarımızın bərpasını istəyirik”.

Keçmiş siyasi məhbus Vidadi İsgəndərli də meydandakıları və ümumilikdə xalqı azadlıq uğrunda mübarizəyə səsləyib.

Müsavat başqanı Arif Hacılı isə çıxışında bildirib ki, ölkədə azadlıq istəyənlər, siyasi məhbusların olmasına etiraz edənlər bu meydanda olan insanlarla məhdudlaşmır: “Azərbaycan xalqının mütləq əksəriyyəti bunu istəyir. Amma Azərbaycanda avtoritar hakimiyyətin apardığı siyasət, repressiya tədbirləri bu gün Azərbaycan xalqının öz sözünü, öz səsini var gücü ilə səsləndirməsinə imkan vermir”.

O, cəmiyyətin bu günkü rejimlə barışmadığını da vurğulayıb: “Cəmiyyətdə müqavimət davam edir. Xalqımız demokratik cəmiyyətdə yaşamağa layiqdir. Demokratik cəmiyyət qurmağa da qadirdir. Bizim mübarizəmiz əbədidir!”.(Musavat.com)

Mitinq qətnamənin oxunması ilə başa çatıb. Müşahidələrə görə, aksiyada təxminən 40-500 adam iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol