Menu

Rusiya Odessanı "İsgəndər" raketləri ilə vurdu - Hədəf Budanovun qaldığı otel olub?

01.02.2025, 11:00
Rusiya Odessanı "İsgəndər" raketləri ilə vurdu - Hədəf Budanovun qaldığı otel olub?

Ötən gecə Rusiya Ukrayna ərazisinə növbəti raket və PUA hücumu həyata keçirib.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, hücuma məruz qalan ərazilər arasında Odessa şəhərinin tarixi mərkəzi də var.

Yerli teleqram kanalları xəbər verir ki, nəticədə 7 nəfər yaralanıb, tarixi binalara ziyan dəyib. 

Vilayət administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağırdır.

Raket hücumunun episentrində olanlar arasında Norveç diplomatik nümayəndələri də olub. Bu barədə isə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat paylaşıb.

Bu arada Rusiya mediası Odessaya endirilən zərbənin əsas hədəfinin Ukrayna hərbi kəşfiyyatının başçısı, general Kirill Budanov olduğunu iddia edib. 

Lakin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Rusiya təbliğatçılarının Kirill Budanovun raket zərbəsilə dağıdılan Odessadakı “Bristol” mehmanxanasında olması barədə yaydığı məlumatı təkzib edib: "Xeyr, əlbəttə ki, Kirill Budanov Odessadakı “Bristol” otelində deyildi... Baş Kəşfiyyat İdarəsinin rəisi şəhərin mərkəzindəki digər tarixi binalarda, YUNESKO-nun himayəsində olmalı olan mərkəzdə olmayıb".

Zərbə nəticəsində YUNESKO-nun qorunan ərazisindəki bir neçə bina, o cümlədən dörd muzey, Filarmoniya və 19-cu əsrin sonlarında tikilmiş tarixi Bristol Oteli də zərər görüb.

Zelenski Rusiyanın Odessanın tarixi mərkəzini atəşə tutmasını “tamamilə düşünülmüş zərbə” adlandırıb. 

Ukraynanın “Cənub” Könüllülər Ordusunun nümayəndəsi Sergey Bratçuk qeyd edib ki, Rusiya bundan əvvəl də işğal olunmuş Krım ərazisindən atılan “İskəndər-M” ballistik raketləri ilə Odessaya zərbələr endirib.

Faktla bağlı cinayət işi açılıb. Rusiya Müdafiə Nazirliyi şərh verməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol