Nurəddin İsmayıl

Donald Trampın hakimiyyətə qayıdışı ABŞ-nin bütün mühüm sahələr üzrə əvvəlki kursunu radikal şəkildə dəyişdi. Bu dəyişilmə onun ənənəvi müttəfiqlərini belə çaşbaş vəziyyətə salıb.

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Münxen Təhlükəsizlik Konfransındakı çıxışı göstərdi ki, Vaşinqton öz çıxarları baxımından Avrpanı əvvəlki formatda öz tərəfdaşı kimi qəbul etmək istəmir. ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında Ukraynaya dair apardığı sülh danışıqlarında Ukrayna və ənənəvi partnyorların kənarda saxlanılması Avropanı yeni strategiya haqqında düşünməyə vadar edir. İndi Amerikanın dönük siyasətinə məruz qalan Avropa İttifaqının bosları üzünü öz evində yer vermədiyi Türkiyəyə çevirmək zorunda qalıb...

Tramp, ölkəsinin hesabına siyasi lotuluq edən Avropaya başa salır ki, öncə onun iqtisadi, milli maraqlarıdır. Anlaşılan odur ki, Tramp administrasiyası demokratlardan fərqli olaraq ölkəsini daha böyük itkilərlə müşahidə olunan konfliktlərə cəlb edilmə və qlobal xeyriyyəçilik kimi layihələrindən kənarda tutmaq siyasətinə önəm verir.

ABŞ-nin hazırkı kursunda başlayan kəskin dəyişilmələrin arxasında gələcəyə hesablanmış hansı strateji planın, hansı dərin siyasi xəttin durduğunu unutmadan onu qeyd etməliyik ki, bu mühacir ölkəsinin elitası zəngin yaşamağı çox sevir və bu zənginlyin əldən çıxma ehtimalı yarandığı halda öz ərazisindən on min kilometlərlə uzaqlarda yeni gəlir mənbəyi axtarmaqda təşəbbüsü əldən vermir. Qəzzanı boğmaq üçün İsrailə silah satışının, hər cür dəstək verməsinin də, Səudiyyəni, onun milyardları hesabına Yaxın Şərqin önəmli fiquru kimi müdafi etməsinin də, Ukrayna - Rusiya müharibəsinin əvvəlindən Ukraynanın yanında olmasının da arxasında, bu dövlətin nəyin bahasına olursa-olsun zənginləşmək, iqtisadi qüdrətini artırmaq siyasəti durur. Elə deyilsə, durub-durduğu yerdə üç il öz Qərb partnyorları ilə arxasında durduğu Ukraynanı gözardı edib, onun ərazi bütövlüyünə, suverenliyinə qəsd edən işğalçı Rusiyaya ayaq verməyin anlamını necə başa düşmək olar?

Niyyət Rusiyanı zəiflədib, onu öz siyasətinə tabe etdirmək, Rusiya ilə anlaşmadan daha böyük faydalar əldə etməkdirsə, nəyə görə bu istək Ukrayna xalqının azad duyğusunun məhv edilməsi, onun müstəqil dövlətinin sıradan çıxarılması, ərazilərinin təcavüz və işğala məruz qalması hesabına olmalı idi? İmpulsiv və emosional çıxışlar müəllifi kimi tanınan Tramp hakimiyyətə gəldikdən dərhal sonra Kanadanı, Panamanı, Qrenlandiyanı, Meksikanı öz protektorluğuna daxil etmək çağırışları ilə yanaşı, tezliklə Ukrayna - Rusiya müharibəsinin də həllini ortaya qoyacağını bəyan etdi.

Lakin bu gün Tramp və digər ABŞ rəsmiləri Ukrayna - Rusiya müharibəsinin əsas günahkarı kimi Ukraynanı, onun Prezidenti Zelenskini göstərir və bir ağızdan bəyan edirlər ki, Ukrayna heç bir vəchlə Rusiya ilə qarşı-qarşıya gəlməməli idi. Sual olunur: Ukraynada 2014-cü ildə başlayan və Rusiya yönümlü Yanukoviçin biabırçı qaçışı ilə nəticələnən maydan hərəkatı, NATO-ya cəlb olunma, Avropa İttifaqına inteqrasiya istəyi ABŞ başda olmaqla Avropanın araqızışdırıcılığı hesabına olmadımı?

Demək siyasətdə ayaqda qalmaq, müstəqilliyini qorumaq üçün təkcə böyük dövlətlərin böyüklüyünə, arxa dura biləcəyinə güvənmək yetərli deyilmiş. Hansı dövlətlə, güc birlikləri ilə işbirliyində olmaq, hansı səviyyədə yaxınlıq etmək, hansı səviyyədə məsafə saxlamaq dövlətin xarci siyasətində prioritetlik təşkil etməlidir. Bu baxımdan son onilllərdə Azərbaycının xarici siyasət kursunda izlənilən kurs - böyük güclər arasında balans siyasətinin qorunması, Qərbə birbaşa inteqrasiya siyasətindən daha çox Qərb dövlətləri ilə ayrı-ayrılıqda faydalı əməkdaşlıq, NATO-ya üzvlük deyil, onun struktur bölmələrində yaxından iştirak, hər zaman şər daşıyıcısı Rusiya ilə məsafəli davranış, din pərdəsinə bürünmüş İranın məkrli siyasətinə təmkinli müqavimət kursu təqdirə layiqdir.