ABŞ Prezidenti Donald Tramp Co Bayden dövründə Venesuelaya tətbiq edilən neft satışına dair güzəşt müqaviləsini ləğv etdiyini açıqlayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Tramp sosial media hesabından paylaşım edib.
ABŞ lideri sözügedən paylaşımında yazıb: "Fırıldaqçı Co Baydenin Venesuela Prezidenti Nikolas Maduroya 26 noyabr 2022-ci ildə imzalanmış neft anlaşması və Maduro rejiminə seçkilərlə bağlı verilən və yerinə yetirilməyən güzəştləri ləğv edirik".
Tramp həmçinin, 2023-cü ildə iki ölkə arasında imzalanan əsir mübadiləsi müqaviləsinin də ləğv edildiyini açıqlayıb.
Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro uzun müddətdir ki, ABŞ və digər ölkələrin tətbiq etdiyi sanksiyaları sərt şəkildə tənqid edir və bunu "iqtisadi müharibə" adlandırırdı. O, dəfələrlə ABŞ-nin məqsədinin Venesuelanı iqtisadi və siyasi cəhətdən zəiflətmək olduğunu bildirib.
Xatırladaq ki, 26 noyabr 2022-ci ildə o vaxtkı ABŞ administrasiyası Venesuelaya tətbiq edilən neft satışına dair sanksiyaları yüngülləşdirən güzəşt müqaviləsi imzalamışdı. Bu müqavilə ABŞ-nin "Chevron" neft şirkətinə Venesuelada neft hasilatını davam etdirmək və hasil edilən nefti ABŞ-yə ixrac etmək icazəsi verirdi.
"AzPolitika.info"


Şərhlər