Dekabrın 16-da parlament “KİV haqqında” qanuna dəyişiklik edib. “Media forum” saytı xəbər verir ki, yeniliyə görə, Ədliyyə Nazirliyi il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edilən KİV-in istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər.
İndiyədək belə bir iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı üçə bərabər idi.
Başqa bir yenilik xarici ölkənin fiziki və hüquqi şəxslərindən maliyyələşdirilən KİV-in fəaliyyətinə xitam verilməsini nəzərdə tutur.
Qanuna “oxşar ad” termini əlavə edilib və mövcud olan media orqanının adına oxşar yeni KİV-in yaradılması qadağan olunub.
Oxşar ad termininin təsnifatı belədir:
- Əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar.

Şərhlər