Ukrayna ilə Rusiya arasında fikir ayrılıqları, eləcə də müharibə bitdikdən sonra nələrin baş verəcəyi yalnız tam atəşkəsdən sonra müzakirə edilə bilər. İndi tərəflər əvvəlkindən daha çox sülhə yaxınlaşıblar.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus son brifinqi zamanı deyib.
"Yalnız tam atəşkəs əldə edildikdən sonra biz tərəflər arasında fikir ayrılıqlarını və davamlı sülhə çatarkən nələrin edilməli olduğunu müzakirə edə bilərik", - Bryus deyib.
Administrasiya rəsmisinin sözlərinə görə, Ukrayna ilə Rusiya arasında müharibənin sona çatmasına səbəb olacaq yeganə şey hazırda Səudiyyə Ərəbistanında ABŞ-nin iştirakı ilə keçirilən danışıqlardır. Bundan əlavə, o, Ər-Riyadda Qara dənizdə hərbi zərbələrə moratoriumun müzakirə edildiyini qeyd edib: "Məqsəd Qara dənizdə dinc ticarət fəaliyyətini tam bərpa etməkdir".
Yeri gəlmişkən, qeyd edək ki, “Financial Times”-ın yazdığına görə, Avropa Rusiya ilə ABŞ arasında Qara dənizlə bağlı danışıqlardan çox narahatdır. Avropa rəsmilərinin fikrincə, Qara dəniz razılaşması daha çox Rusiya üçün faydalı ola bilər. Onu da əlavə edək ki, Vladimir Putin bir neçə gün bundan əvvəl Rusiya sənayeçiləri ilə görüşündə Ukraynanın Odessa limanı ilə bağlı iddialarını səsləndirmişdi. Bir çox mənbələr Rusiyanın bu istiqamətdə əsas məqsədinin Ukraynanın Qara dənizə çıxışını bağlamaq olduğunu qeyd edirlər...
Donald Tramp da Qara dənizlə bağlı məsələnin hazırda əsas gündəm məsələlərindən biri olduğunu qeyd edib. Lakin onun son açıqalmasından belə məlum olur ki, ABŞ və Rusiya təkcə Qara dənizi “bölüşdürmürlər: "Hazırda ərazi haqqında danışırıq. Söhbət demarkasiya xətlərindən gedir, enerji, elektrik stansiyalarına sahiblikdən gedir". Qeyd edək ki, son günlər Tramp Ukraynanın nadir metalları və digər təbii sərvətləri ilə yanaşı, AES-lərinə də iddialı olduğunu açıq söyləyir...
Brifinq zamanı Bryus həmçinin, Ukrayna və Rusiyanın hərbi əməliyyatları dayandırmağa çox yaxın olduğuna əminliyini ifadə edib: "Biz buna yaxınıq... Biz heç vaxt tam atəşkəsə indi olduğumuz qədər yaxın olmamışıq".
Ağ Evdəki mənbələrin “Reuters” agentliyinə verdiyi məlumata görə isə Ər-Riyaddakı danışıqlarda irəliləyiş var və “yaxın gələcəkdə müsbət bəyanat” gözlənilir.
Rusiyalı mənbə də bunu təsdiqləyib. Həmin mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, danışıqlar dünən gecə başa çatıb və birgə bəyanat layihəsi təsdiq üçün Moskva və Vaşinqtona göndərilib. Tərəflər onu bu gün dərc etməyi planlaşdırır.
Bundan əvvəl Ukrayna Prezident Ofisinin müşaviri Sergey Leşşenko Ukrayna və ABŞ arasında Səudiyyə Ərəbistanında aparılan danışıqların yeni təfərrüatlarını açıqlamışdı. O bildirib ki, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başa çatdıqdan sonra ABŞ ilə əlavə məsləhətləşmələr aparmaq üçün Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanında qalmağa davam edir. Daha bir gün əvvəl isə Ər-Riyadda Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar olub. Bundan sonra Ukrayna Müdafiə naziri Rustem Umerov dialoqun səmərəli keçdiyini bildirib.
Bir sözlə rəsmilərin açıqlamalarından “atəşkəs qoxusu” gəlməkdədir. Cəbhədə isə hələ də barıt və qan qoxusu qalmaqdadır - müharibə tam gücü ilə davam edir...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Görünen kende ne beledçi.SSRİ dağıdılandan sonra ABŞ üçğn Rusiya başda olmaqla diger sovet respublikalarına şertlerini diqte etmek ABŞ- na eke bir çetinlik töretmir işleri istedikleri seviyyede gedir ve gedecek hamısını özüne tabe edenedek.