Menu

Cənubi Qafqazın üç ölkəsi ilk dəfə bir araya gəlir – Tbilisidə görüş keçiriləcək

17.04.2025, 10:57
Cənubi Qafqazın üç ölkəsi ilk dəfə bir araya gəlir – Tbilisidə görüş keçiriləcək

Bu gün Gürcüstan paytaxtı Tbilisidə Cənubi Qafqaz regionunun üç ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan – arasında xarici işlər nazir müavinlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır. Görüşün əsas mövzusu regional əməkdaşlıq imkanları və sülh təşəbbüslərinin müzakirəsidir.

“AzPolitika” xəbər verir ki, görüş barədə ilk rəsmi məlumat Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb. Açıqlamada tədbirin keçirilməsi təsdiqlənsə də, əlavə təfərrüatlar açıqlanmayıb. Müşahidəçilər bu görüşü regionda yeni diplomatik formatın başlanğıcı kimi qiymətləndirirlər.

Görüş ərəfəsində Gürcüstanın yeni seçilmiş prezidenti Azərbaycana səfəri zamanı bəyan edib ki, “Tiflis ümid edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi tezliklə imzalanacaq.” 

Prezident Kavelaşvili, səfər çərçivəsində verdiyi açıqlamada, Gürcüstanın bu prosesdə körpü rolunu oynamaq istədiyini vurğulayıb. O, bu ayın sonunda Ermənistana da iki günlük səfər planlaşdırır.

Bundan öncə – ötən ay – Gürcüstanın xarici işlər naziri Ararat Mirzoyan (Ermənistan) və Ceyhun Bayramov (Azərbaycan) ilə telefon əlaqəsi saxlayaraq regional məsələlər ətrafında fikir mübadiləsi aparmışdı.

Gürcüstan rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkə Cənubi Qafqazda sabitlik və qarşılıqlı anlaşma naminə bütün diplomatik vasitələrlə töhfə verməyə hazırdır. 

Gürcüstanın xarici  işlər naziri yanvar ayında İrəvana səfəri zamanı belə bir bəyanatla çıxış etmişdi:“Biz regionu yalnız sülh və əməkdaşlıq şəraitində görmək istəyirik. Gürcüstan bu məqsədə çatmaq üçün bütün imkanlarını səfərbər etməyə və hətta vasitəçi kimi çıxış etməyə hazırdır.”

Ekspertlərin fikrincə, Tbilisidə baş tutacaq bu üçtərəfli görüş, uzun müddətdir gərgin münasibətlər yaşayan Azərbaycan və Ermənistan arasında diplomatik əlaqələrin qurulması baxımından mühüm addım ola bilər. Gürcüstanın neytral və balanslı mövqeyi isə bu formatın davamlı olmasına zəmin yarada bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol