Nurəddin İSMAYIL
Şimali Kiprin tanınması istiqamətində Türkiyənin onilliklər boyu göstərdiyi ciddi səylərə baxmayaraq, BMT səviyyəsində adanın yalnız yunan kəsiminə aid hissəsinin dövlət kimi tanınması faktı türk və müsəlman dünyasına qarşı tətbiq edilən ikili standartların bariz nümunəsidir.
Avropanın ayır-buyur siyasətindən doğan bu ikili standartlar Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsində də özünü aşkar şəkildə göstərir. 1999-cu ildən üzvlüyə namizəd olmasına rəğmən, Avropa evinin başbilənləri nədənsə, xristian klubu kimi formalaşan bu evə Türkiyəni qəbul etmək istəmir. Səbəb bəlli. Tarixi qisas yanğısı, Türkiyənin bölgə və dünyada iqtisadi, siyasi, hərbi gücünün durmadan artması, bütün türk və müsəman dünyasını birlik ideyası ətrafında birləşdirmək cəhdi. Məhz buna görədir ki, Türkiyənin beynəlxalq arenada yeri möhkənləndikcə, əsas oyunçuya çevrildikcə, ona qarşı qurulan məkrli oyunların dairəsi də genişlənir.
Təəssüf ki, Türkiyə ətrafında qurulan bu kələk dairəsinə Türk Dövlətləri Təşkilatına daxil olan bir sıra qardaş ölkələr - Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan da cəlb edilib. Bir neçə gün öncə Səmərqənddə keçirilən ”Avropa İttifaqı-Mərkəzi Asiya” zirvə toplantısında qardaş dediyimiz bu dörd türk ölkəsi Cənubi Kipri tanımaq və bu kəsimdə elçiliklər açmaq barədə qərar qəbul etdilər.
Nə baş verir, Turan ideyasının gerçəkləşməsi yolunda addımlayan bu dövlətlərə nə oldu ki, birdən birə Avropaya yönəlik “U” dönüşü etdilər?
Şirnişdirici rəqəm Avropanın baş rəsmisi tərəfindən açıqlanıb. 12,3 milyard avro. Bu məbləğin bədəli, Cənubi Kiprin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanımaqdır ki, bu da Türkiyəyə işğalçı damğası yapışdırmaq üçün bəhanə yaradır. Hər bir ölkənin yürütdüyü siyasətdə milli maraqların gözə alınması başadüşüləndir, lakin bu maraqlar həmin ölkənin daxil olduğu, qarşılıqlı öhdəliklər götürüldüyü təşkilatın ümumi mənafeyinin gözardı olunması hesabına baş verməməlidir. Bir-birinə qucaq açmalar, təmtəraqlı qarşılanmalar, vahid dil, vahid Turan ideyası haqda bəlağətli nitqlər nə tez yaddan çıxdı? Demək ki, tarix boyu türk dünyasının başına gətirilən müsibətlərdə Qərbin “parçala, hökm sür” siyasəti ilə yanaşı, sapı özümüzdən olan baltaların da az rolu olmayıb.
Əkələrimizin bu addımı təkcə Türkiyəyə deyil, bütün Türk dünyasına qarşı arxadan saplanan bıçaqdır. 30 il Şimali Kipr Türk Cümhuriyyətini tanımaq barədə təşəbbüs belə etməyən bu ölkələrin başçıları əllərinə düşən ilk iqtisadi fürsətdə, çatılan düşmən ocağını körükləməyə başladılar. Bu sınaqdan ləyaqətlə çıxan, özünün aslan duruşunu saxlayan, riskləri gözə alan, istənilən beynəlxalq təzyiqə sinə gərən, dostluğa, qardaşlığa vəfasını hər addımda ortaya qoyan Azərbaycan oldu.
Görünən odur ki, geosiyasi çaxnaşmaların sürətlə qızışdığı bir vaxtda siyasi kursunu təmkinlə davam etdirmək, qardaşlıq adına yaradılmış dogma təşkilatın, birliyin təəssübünü çəkmək, cari gəlirləri deyil, perspektivə hasablanmış çıxarları düşünmək hər ölkə yönətiminə nəsib olmur. Hər bir yanlış, nəticə çıxarmağa əsas verən səbəb ola bilər devizi ilə hərəkət edib, bədnam qərara imza atan qardaş ölkələrin başçılarının növbəti hərəkətlərini izləyək. Görək qan yaddaşı, onların çöl ruhunu oyadıb, atlarını öz qardaşlarının üstünə deyil, onları təmiz çöl ruhundan məhrum edənlərin üstünə çapmasına yardımçı olacaqmı? Onlar Cənubi Kiprlə yanaşı Şimalı Kiprin də tanınması, elçiliklər açılması vasitəsi ilə diplomatik əlaqələr qurulması üçün yetkin qərarlar verməyə özlərində təpər tapa biləcəkmi?
Baş verənlər TDT-in fəaliyyətinə yeni yanaşma təlb edir. Birliyə daxil olan qardaş ölkələr qurumun fəaliyyində yaranmış durğunluqları aradan qaldırmaq, yaranmasına, uzaq gələcəyinə siyasi qısqanclıqla yanaşıldığı bu təşkilatı iqtisadi, mədəni baxımından daha mütəşəkkil, digər beynəlxalq qurumlara rəqabət gücü daha etibarlı olan quruma dönüşdürmək üçün ciddi, effektli addımlar atmalıdır.
Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında aparılan danışıqların nəticəsi də dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Tramp administrasiyasının müharibənin bitirilməsi üçün göstərdiyi cəhdlərə baxmayaraq, Rusiyanın öz işğalçılıq planlarından əl çəkmək istəməməsi, əksinə, Ukraynanın daha geniş ərazilərini zor gücünə işğal və ilhaq etmək niyyətlərindən geri dönməməsi faktı narahatlıq doğurmaya bilməz. ABŞ-nin yumşaldıcı mövqeyindən şirnikləşən Putin hakimiyyətinin daha aqressiv xətt nümayiş etdirməsi göz önünddir. Tramp administrasiyası, qan içində boğulan suveren bir ölkənin taleyini özünün merkantil maraqlarına qurban vermək istəyində görünür. Ukraynanın ərazi bütövlüyü, siyasi müstəqilliyinin qorunması üçün Rusiyanın başlatdığı işğalçılıq planlarının qarşısını almaq, dayanıqlı sülh sazişinin əldə edilməsi üçün ən ağır sanksiyalar da daxil olmaqla, bu ölkəyə hər vasitə ilə təzyiq göstərmək zərurətə çevrilib.
Azərbaycanın İsraillə qardaş Türkiyə arasında yaranmış konfliktlərin həlli üçün barış missiyasını öz üzərinə götürməsi, barışa ev sahibliyi etməsi kimi örnək addımları ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzu, bölgə və dünyada siyasi çəkisinin artması faktı kimi qiymətləndirmək lazımdir. Antaliya Diplomatiya Forumu dünyanın maraqla izlədiyi bir hadisə oldu. Dünyanın getdikcə daha çox qütbləşdiyi, beynəlxalq hüququn yerini güc tətbiqetmə siyasətinin tutduğu, zora söykənən böyük dövlətlərin, kiçik dövlətlərin mövcudluğuna son qoymaq, resurslarını mənimsəmək kimi imperial ambisiyalarının artdığı bir vaxtda sülhün, təhlükəsizliyin qorunmasına xidmət edən diplomatik əlaqələrin bərpası, yenidən qurulmasına ehtiyac da günü-gündən artır və bu baxımdan Antalya Diplomatik Forumunun daşıdığı missiya təqdirə şayandır.
Avrasiya məkanının geniş coğrafiyasını əhatələyən, sülhün, təhlükəsizliyin, barış içində yaşamanın dərin məzmununu özündə ehtiva edən bu forum, Türkiyə başda olmaqla, bütün türk və müsəlman aləminin beynəlxalq oyunlarda əsas oyunçuya çevrildiyini, onların yekdil müqavimət gücünün artdığını göstərdi. Foruma qatılan dövlət başçısı İ.Əliyevin panel görüşlərində, ayrı-ayrı dövlət başçıları ilə apardığı danışıqlarda ölkəmizin milli maraqlarına söykənən mövqe tutmasını, Qarabağ zəfərinin xofunu yaşayan erməni və ermənipərəst dövlətlərin təmsilçilərinin, dövlətimizə qarşı qurmaq istədiyi məkrli planları bu platformadan ifşa eməsi rəğbətlə qarşılanmalıdır.

Şərhlər
Allah İlham Əliyevə kömək olsun Amin