Qorunub saxlanılan ənənələr yalnız fayda gətirir
Etibar Əliyev,
Elm və təhsil sahəsi üzrə mütəxəssis
"Harvard Universiteti akademik azadlığını və elmi-tədqiqat müstəqilliyini 2 milyarda qurban vermədi."
Hörmətli Osman Gündüz “Muxtariyyət, yoxsa 2.3 milyard dollar?” başlıqlı maraqlı paylaşım edib.
Harvard Universitetinin əsası 1636-cı ildə qoyulub. Yarandığı gündən bu günə qədər universitet öz muxtariyyətini qoruyub saxlayıb. Tramp administrasiyasının bu universitetə qarşı irəli sürdüyü tələbləri Harvard rəhbərliyi rədd edib. Muxtariyyətin uğurları isə göz önündədir:
ABŞ-ın 8 prezidenti, 160 Nobel mükafatı laureatı, 18 Filds mükafatı (riyaziyyat sahəsində ən yüksək təltif) laureatı, 14 Tyürinq mükafatı (informatika üzrə) laureatı, 30 Pulitser mükafatı (jurnalistika sahəsində) laureatı və sosial elitanın yüzlərlə nümayəndəsi Harvard Universitetinin məzunlarıdır. Bill Geyts və Mark Zukerberq isə bu ali məktəbdə təhsillərini yarımçıq qoyublar. Trampa qədər heç bir prezident dünyanın bu nəhəng universitetinin işinə müdaxilə etməyib.
Bütün elm sahələri üzrə ən maraqlı kitabların əksəriyyətini Harvard alimləri yazır. Bu universitetdə yüzlərlə elmi kəşf edilib. Harvard Universiteti, eyni zamanda, Amerika universitetləri arasında sağlam rəqabət mühiti formalaşdırıb. Bu ali məktəbi bitirən siyasətçilərin gələcək fəaliyyətinə universitet məsuliyyət daşımır. Lakin universitetin məzunlarının elm sahəsində qazandığı uğurlar Harvard mühiti və Harvard zamanı ilə bağlıdır.
Amerikada və İngiltərədə yaradılmış heç bir universitetin adında “dövlət” sözü yoxdur. Məsələn, “Harvard Dövlət Universiteti” ifadəsi bir qədər gülməli səslənir, elə deyilmi?
Zəruri qeyd:
Avropanın ən qədim universitetlərindən sayılan Boloniya Universitetinin əsası 1088-ci ildə qoyulub. Universitetdə öyrənilən əsas fənn ars distamen — "esse yazmaq sənəti" olmuşdur. Universitetə aid olan ilk qanunverici akt isə 1158-ci ildə imzalanmış və universitetə müstəqillik verən Xartiya olmuşdur. İlk dəfə bu universitetə özünüidarə statusu verilmişdi. Müstəqillik əldə edildikdən sonra tələbələr öz ittifaqlarını və həmkarlar təşkilatlarını yaratmış, rektor seçkisini təşkil etmiş, tələbə qəbulunu və müəllimlərin əməkhaqlarını müəyyənləşdirmişdilər. Tələbələrə isə 5-ci kursdan sonra dərs demək hüququ verilmişdi. Bu gün işlədilən “akademik imbridinq” anlayışı həmin dövrlərdə tətbiq olunmağa başlanmışdı. XIII əsrdə bu universitetdə təhsil alan tələbələrin sayı 10.000 nəfərə yaxın olub. Dante, Petrarka, Kopernik, Dürer, Parasels və Tasso kimi dahilər bu universitetin tələbələri olmuşlar.
Qorunub saxlanılan ənənələr yalnız fayda gətirir.

Şərhlər
Rezüme: bizim "universitetlər" özlərinin "ənənələrini" davam edə bilərlər!