Etibar ƏLİYEV

Çin sivilizasiyasının əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, sivilizasiyanın başlanğıcı yoxdur.

Sarı imperator haqqında əfsanələrdə çinlilər onu birinci hökmdar hesab edirlər. Sarı imperator bu xalqın mifologiyasında peyda olanda Çində xaos hökm sürürdü. Bir - biriləri ilə ədavət aparan knyazlarla zəif hökmdar bacarmırdı. Yeni qəhrəman - Sarı imperator ordu toplayıb ölkəsində sülh və əminamanlıq yaratdıqdan sonra İmperator adlandırıldı. Sarı imperator Çin tarixində millətin qurucu atası kimi qaldı. O, imperiya yaratmadı - bərpa etdi. Bu paradoks Çin tarixində müdrik Konfutsi ilə də assosiasiya olunur. O, deyirdi ki, nəsə yeni bir şey fikirləşməyib, harmoniya prinsiplərinə yeni güc verib.

XIX əsr səyyahı abbat Reqis-Evarist Qyük yazırdı. “Çin sivilizasiyasının tarixi o qədər qədimdir ki, biz onun başlanğıcını aşkarlaya bilməmişdk. Bu xalqın təşəkkülündə hansısa bir başlanğıc iz tapmaq mümkün deyil. Onlar özlərini elə göstərirlər ki, sanki hər zaman inkişafın eyni stadiyasında mövcud olublar.”

Çinlilərin də yunanlar, yəhudilər, hindlilər kimi qədim kitabları var. Bu kitablar vasitəsilə Çinin dövlət quruluşu, tarixi və dini haqqında bilgilər almaq olar. Belə kitablar hindlilərdə vedalar, yəhudilərdə Moiseyin kitabları və yunanlarda Homerin poemalarına bərabərdir. Çinlilərdə bu kitablar “tzin”lər adlanır. “Şutzin” qədim imperatorların davranışları haqqındadır. “İtzin” Çin yazılı mətnlərinin mənbəyi və Çin düşüncə tərzi haqqındadır. “Şitzin” qədim nəğmələrdən ibarətdir. Yüksək çinovniklər hər il bayramda nəğmələri öyrənməyə məcburdurlar. İmperator isə hakim kimi bu şeirləri qiymətləndirir və yaxşı şeirlər sanksiyalaşdırılır. Hamı tərəfindən öyrənilən bu 3 əsas kitabla yanaşı vacib olan 2 kitab da var: “Litzi” imperator və məmurların əməl etdikləri adət-ənənələri və mərasimləri təsvir edir. “Çzuntzin” isə Konfutsinin çıxışlarıdır ki, bu da Çinin əxlaq və qanunlarını təşkil edir.”

Çində hər bir ailədə nəslin ulu insanları üçün ayrıca otaq ayrılır. Ailənin bütün üzvləri ildə bir dəfə həmin otağa toplaşır. Ailə üçün vacib olan şəxslərin surətləri yerləşən otaqda imkanlılar imkansızlar üçün nahar təşkil edir.

Konfutsi ənənəvi Çin dünyagörüşünün nümayəndəsidir. Bu dünyagörüşünə görə, Dao - mərasimlərin yoludur. Başqa sözlə, bu təlimə görə, bütün mövcud olanlar uyğunluq prinsipi əsasında təşkil olunub: mərasim və ənənələr mövcudluğun özüdür. Təbiətin dövriliyi, təqvim dəyişiklikləri mərasimdən başqa bir şey deyildir. Əgər qar yağırsa, deməli, göylərdə mərasim baş verir. Qar ancaq qışda yağır, bunun özü də mərasimdir. Yox, əgər birdən qar yayda yağarsa, bu, mərasimin pozulmasıdır. Mərasimlər kosmosda olduğu kimi insan varlığında da təkrarlanır. İnsanların sosial həyatında bu mərasimlər etiket şəklində özünü göstərir.

Konfutsiyə görə, şəxsiyyətin borcu onun sosial durumu ilə müəyyənləşir. Yaxşı həyat insana xas olan 5 münasibətlə müəyyənləşir: hökmdar-dövlət qulluqçusu, ata-oğul, ər-arvad, qoca-gənc, dost-dost. Bu qrupların hər biri özünəməxsus xarakterə, hüquqa və davranış qaydalarına malikdir. Beləliklə, etiket müəyyən qrup əhalinin davranış normasıdır. Etiket həmçinin vasitə kimi çıxış edir ki, insan bunun vasitəsilə öz şəxsiyyətini qoruyub saxlayır.

“Əgər mən knyazamsa, heç bir rəiyyət, əgər mən rəiyyətəmsə, heç bir knyaz məni təhqir edə bilməz”. Yəni davranış qaydaları qədimdən müəyyənləşmiş və Allah tərəfindən verilmişdir. Beləliklə, etiket mənim üçün özünəməxsus qalxandır. Konfutsi göstərirdi ki, insan cəmiyyətində saxlanılan etiket ona görə vacibdir ki, həmin qanunauyğunluqlar həm də kosmosda mövcuddur. Buna görə də etiketə əməl edən şəxs həmişə “insanpərvər”, əməl etməyən isə “qeyri-insanpərvər”dir, ədalətli və xeyirxah insan odur ki, o etiketi pozmur.

Hegel “Tarixin fəlsəfəsi” kitabında yazır: Çinlilər çox qürurludurlar. Avropalılardan nəyi isə öyrənməyi özlərinə sığışdırmırlar. Lakin məcburiyyət qarşısında qalanda Avropanın üstünlükləri ilə hesablaşırlar. “Kantonda bir tacir özünə Avropadan gəmi sifariş edir. Canişinin əmri ilə gəmi dərhal yandırılır. Çinlilər hesab edirlər ki, Avropalılılar səfil olduqları üçün ölkələrini tərk edib, qazanc dalınca başqa ölkələrə gedirlər. Digər tərəfdən avropalılar ağıllı olsaydılar çinlililərin təbii incəsənətinin sirlərini öyrənərdilər.”

Müasirlik

Çinlilərin tanış sualı budur: Ləyqətli yaşayışın mənası nədir? Yeni sual isə budur: Ekoloji həyat nədir? Dövlətin hakimiyyətinin sərhədləri haradan keçməlidir? Son zamanlar ifrat dərəcədə varlanmış filantroplar soruşurlar: bu imkanları cəmiyyətlə necə bölüşək? Sürətli inkişaf edən səhiyyə dövrünün sualı isə budur: “Ləyaqətlə ölmək nə deməkdir?” Ənənə davam edir: Çin Xalq Respublikası dünyada yeganə ölkədir ki, xarici ölkələrin ali məktəblərinin dünənki məzunlarını kənarda qoymur. 1978-ci ildə xarici universitetlərdə 4 milyon çinli təhsil alıb ki, bunların 2,2 milyonu ölkəyə qayıdıb. Bu repatriantlar yaxud hayqular (haigui “dəniz tısbağaları”) Çinin innovasiya ekosisteminin nüvəsini təşkil edirlər. Beləliklə, Çin həm öz universitetlərində STEM mütəxəssislərini, həm də dünyanın aparıcı universitetlərinin bu sahə üzrə çinli mütəxəssislərini bir araya gətirir.

Çin təhsil sistemində yaradıcılıq mədəniyyəti get-gedə genişlənir. Xeyli sayda çinli tələbələr inkişaf etmiş ölkələrin ali məktəblərinin diplomu ilə vətənə qayıdanda onlar yerli məzunlarla eyni mədəniyyətin daşıyıcısı kimi fəaliyyət göstərirlər.

Təhsil mədəniyyəti zənginləşdirir. Qoca Konfutsi də bunu deyirdi.