Hindistan və Pakistan əsgərləri arasında Cammu və Kəşmirdə Nəzarət Xətti boyunca atışma olub. 

“AzPolitika” xəbər verir ki, Hindistanın PTI agentliyi ordudakı mənbəyə istinadla yaydığı məlumatda iddia edilib ki, guya nəzarət xətti boyunca bəzi yerlərdə Pakistan tərəfi atəş açıb. Hindistan ordusu isə Pakistandan atılan atəşə cavab verib. Ancaq bu iddia müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Pakistan tərəfi isə qeyd edib ki, əslində atəş açan Hindistan tərəfi olub. Ölən və yaralananlar barədə məlumat verilmir. 

Hindistan mətbuatı xəbər verir ki, Hindistan ordusunun baş qərargah rəisi general Upendra Dvivedi Kəşmirə gəlib.

Hər şey aprelin 24-də silahlı yaraqlıların Pahalqam şəhərində (Cammu və Kəşmirin dağlıq Anantnaq rayonunda yerləşir) turistlərə hücumundan sonra baş verib. Şəhər Hindistanın nəzarətində olsa da mübahisəli ərazi hesab olunur. Hücum nəticəsində 26 nəfər ölüb, onlarla insan yaralanıb. 

Hücuma görə məsuliyyəti “Ləşkər-e-Taibə” adlı  təşkilatın bir qolu olan Müqavimət Cəbhəsi öz üzərinə götürüb. Hindistanın iddialarının əksinə olaraq, Pakistan tərəfi bu təşkilatla heç bir əlaqəsinin olmadığını bəyan edib.

Hücum iki nüvə dövləti arasında yeni böhrana səbəb olub. Hindistan hakimiyyəti Pakistana qarşı diplomatların qovulması və Hind çayının suyunun paylaşılması müqaviləsinin dayandırılması da daxil olmaqla bir sıra sərt tədbirlər görüb. Faktiki, Pakistana gedən suyu dayandırıb. Hindistan əvvəllər bunu heç vaxt etməyib.

Pakistan da cavab addımları atıb. İslamabad Hindistanın Hind çayından su axınını dayandırmasını müharibə aktı kimi qiymətləndirəcəklərini bildirib. Ölkənin kənd təsərrüfatı və enerji sektoru əsasən su təchizatının sabitliyindən asılıdır.

“Hindistan hakimiyyəti “Laşkar-e-Taiba” radikal qruplaşmasının terrorçuları ilə Pakistan arasında əlaqə olduğuna dair sübut təqdim etməyib. Dehli bölgədəki sabitliyi pozmaq üçün terror hücumundan istifadə edib”. Bunu Pakistanın müdafiə naziri Xavaca Asif Britaniyanın “Sky News” telekanalına müsahibəsində deyib: "Onlar (Hindistan səlahiyyətliləri) Pakistanı nədəsə ittiham etmək və onların maraqlarına uyğun vəziyyət yaratmaq üçün heç bir sübut təqdim etməyiblər. ...Bizim bununla heç bir əlaqəmiz yoxdur".

Onun sözlərinə görə, “Ləşkər-e-Taibə” qruplaşması Pakistan ərazisində fəaliyyət göstərmir – ABŞ və Hindistan kəşfiyyat xidmətləri əlində heç bir sübut olmadan yanlış nəticələr çıxarıblar. Nazir əlavə edib ki, Pakistanın təhlükəsizlik orqanları regionda sabitliyi pozmaq üçün “hər şeyin səhnələşdirildiyini” müəyyən ediblər.

Asif daha əvvəl demişdi ki, "dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir. Hər iki ölkə nüvə dövlətidir".

Pakistan mediası xəbər verir ki, Pakistan Hindistanın istənilən hərəkətini dəf etmək üçün qoşunlarını tam döyüş hazırlığı vəziyyətinə gətirir.

Qeyd olunur ki, Pakistan Silahlı Qüvvələri Hindistanla hərbi gərginliyin artması fonunda döyüş hazırlığını artırmaq üçün təlimlər keçirib.

“Telegram” kanallarında Pakistan ordusunun hərbi texnikası və şəxsi heyətinin Hindistanla sərhədə köçürüldüyünü əks etdirən videolar yayılıb.

Pakistan əsgərlərinin həmçinin Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələrinin (BSF) əsgərini Pakistan ərazisinə girdikdən sonra saxladığı bildirilir. Hindistan mediası iddia edir ki, əsgər “ehtiyatsızlıqdan” sərhədi keçib və orada nəzarətə götürülüb.

Bu arada Pakistanda Hindistana qarşı kütləvi aksiyalar başlayıb. Bir sözlə, vəziyyət getdikcə daha kəskin xarakter alır. Qəzzada və xüsusilə Ukraynada davam edən qanlı savaş fonunda daha bir təhlükəli münaqişənin Hindistanla Pakistan arasında qızışması dünyaya yaxşı heç nə vəd etmir…

“AzPolitika.info”