Menu

“Rusiya Prezidenti onların cəzalandırılmasını təmin etməlidir” - Qüdrət Həsənquliyev

05.05.2025, 16:34
“Rusiya Prezidenti onların cəzalandırılmasını təmin etməlidir” - Qüdrət Həsənquliyev

“Deputat Azər Badamovun Rusiyaya buraxılmamasını, və deputat Ramid Namazovun Rusiyanın rəsmi strukturlarına bağlı qrupların Azərbaycana kiber hücumlar təşkil etməsi barədə yaydığı açıqlamanı böyük təəssüf hissi ilə qarşıladım”.

“AzPolitika” xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında bildirib.

“Çünki Rusiya ilə Azərbaycan 2022-ci ildə müttəfiqlik münasibətlərinə dair saziş imzalayıb. Bizi tarixi, humanitar əlaqələr bağlayır. Rusiya bizim qonşumuzdur, o ölkədə 2 milyona qədər soydaşımız yaşayır. Azərbaycan Rusiya ilə dostluq münasibətlərini həmişə yüksək qiymətləndirib. Bu kimi hərəkətlər ölkələrimiz arasında münasibətlərə təsirsiz ötüşmür”, partiya sədri izah edib.

Q.Həsənquliyev hesab edir ki, hansısa səbəbdən Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulmuşdusa, ən azından Azərbaycana bu barədə xəbərdarlıq edilməli idi.

R.Onun sözlərinə görə, bunu dövlətlərarası münasibətlərin indiki səviyyəsi tələb edir: “Azərbaycan Xarici İşlər Nazirliyi dərhal bu məsələyə münasibət bildirib və biz, Rusiya tərəfinin cavabını gözləyirik. Rusiya Prezidenti Azərbaycana qarşı dostluq münasibətlərini zədələyən bu cür təxribatların qarşısını almalı, həmin təxribatları törədənlərin və təşkilatçıların müəyyən olunub cəzalandırılmasını təmin etməlidir”.

“Bu təxribat Azərbaycan Respublikası Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına səbəb ola bilərmi?” sualına cavabında ƏHD sədri vurğulayıb ki, bu barədə Prezident qərar verəcək: “Amma mən düşünmürəm ki, buna ehtiyac var. Əksinə, düşünürəm həm bu məsələlər, həm də sərnişin təyyarəmizin vurulmasında təqsirli olan şəxslərin cəzalandırılması məsələsi ən yüksək səviyyədə, Rusiya prezidenti qarşısında qaldırılmalıdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol