Polşa hökuməti Rusiyanın Krakov şəhərindəki konsulluğunun fəaliyyətinə icazəni ləğv edib. Bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski məlumat verib. Onun sözlərinə görə, qərarın əsas səbəbi Rusiya xüsusi xidmət orqanlarının keçən il Varşavadakı ticarət mərkəzində törətdiyi diversiya aktına dair əldə olunmuş sübutlardır.
Konsulluğun dəqiq nə vaxt bağlanacağı barədə hələlik rəsmi məlumat verilməyib.
Polşanın daxili işlər və administrasiya naziri, xüsusi xidmətlərin əlaqələndiricisi Tomaş Semonyak, ədliyyə naziri və baş prokuror Adam Bodnarla birgə yaydığı bəyanatda bildirilib ki, Varşavadakı “Marywilska 44” ticarət mərkəzində 2023-cü ilin mayında baş vermiş yanğın Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə təşkil olunub. Bəyanata görə, bu nəticəyə intensiv istintaq nəticəsində gəlinib və araşdırmalara Litva xüsusi xidmətləri də cəlb olunub.
“Cinayəti törədənlərin bir hissəsi artıq saxlanılıb, digərləri müəyyən edilib və axtarışdadır. Onların fəaliyyəti Rusiyada yaşayan müəyyən edilmiş şəxs tərəfindən koordinasiya olunurdu”, – deyə bəyanatda qeyd olunur.
Polşanın baş naziri Donald Tusk da bu məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edərək yazıb: “Cinayətkarların bir hissəsi artıq saxlanılıb. Digərləri müəyyən edilib və axtarışdadır. Biz sizi hamınızı tapacağıq!”
Xatırladaq ki, 12 may 2023-cü il tarixində gecə saatlarında baş vermiş yanğın nəticəsində Varşavanın şimalında yerləşən ən iri ticarət mərkəzlərindən biri – “Marywilska 44” tamamilə məhv olub. Təxminən 1500 kommersiya obyekti yanıb, ümumi yanğın sahəsi 60 min kvadratmetr təşkil edib.
Hadisədən dərhal sonra ekspertlər yanğının qəsdən törədildiyini və alovun sürətlə yayılmasının planlaşdırılmış diversiya aktına işarə etdiyini bildirmişdilər. Məlumatlara görə, həmin dövrdə oxşar təxribat aktları digər Avropa ölkələrində də qeydə alınıb. Qərb mediası Rusiya xüsusi xidmət orqanlarının Avropada diversiyalar həyata keçirmək üçün kriminal qruplardan istifadə etdiyini yazır.
Rusiya hələlik Polşa hökumətinin ittihamlarına və Krakov konsulluğunun bağlanması qərarına rəsmi reaksiya verməyib.
Rasim Əliyev
AzPolitika.info


Şərhlər