Menu

ABŞ-də “qızıl kartlar” satışa çıxarılır – Trampın rus oliqarxlar üçün də qapı açır

22.05.2025, 13:36
ABŞ-də “qızıl kartlar” satışa çıxarılır – Trampın rus oliqarxlar üçün də qapı açır

ABŞ hökuməti yaxın günlərdə varlı xarici vətəndaşlar üçün nəzərdə tutulan yeni “qızıl kart” proqramına start verir. Rəsmi məlumatlara görə, bu proqram çərçivəsində 5 milyon dollar ödəməklə daimi yaşayış icazəsi – yəni yaşıl kart əldə etmək mümkün olacaq.

ABŞ ticarət naziri Hovard Lütniq “Axios” platformasının tədbirində çıxışı zamanı bildirib ki, bu təşəbbüs “maddi imkanı olan, lakin ABŞ vətəndaşlığı olmayan hər kəs üçün maraqlı olacaq”. Onun sözlərinə görə, bu proqram zəngin insanlara “Plan B” verir: “ABŞ-yə gəlirsən və immiqrasiya məmuru sənə deyir – evə xoş gəldin”.

Qeyd edək ki, bu proqram 2025-ci ilin fevralında Prezident Donald Tramp tərəfindən elan olunub. Məqsəd – mövcud EB-5 vizası sisteminə alternativ yaratmaqdır. EB-5 vizası hazırda ABŞ iqtisadiyyatına ən azı 1,8 milyon dollar investisiya yatırılmasını tələb edir.

Yeni sistem isə daha sadə və birbaşa mexanizmə əsaslanır: 5 milyon dollar ödəyən şəxs ABŞ-də yaşamaq hüququ əldə edir. TrumpCard.gov adlı rəsmi sayt vasitəsilə müraciətlərin qəbulu yaxın bir həftədə başlayacaq.

Ticarət naziri Lütniqin sözlərinə görə, proqram yalnız immiqrasiya strategiyası deyil, həm də iqtisadi təşəbbüsdür. O hesab edir ki, 200 min kart satılarsa, bu, ABŞ-yə təqribən 1 trilyon dollar gəlir gətirəcək. Hazırda ölkənin dövlət borcu 36 trilyon dolları keçib və bu təşəbbüs onun azaldılmasına xidmət edə bilər. Donald Tramp isə daha iddialı danışaraq, bir milyondan çox “qızıl kart” satılacağını ümid etdiyini bildirib.

Tramp tədbirdə jurnalistlərin rusiyalı milyarderlərin bu proqramdan istifadə edə biləcəyinə dair sualını da cavablandırıb. O deyib: “Bəli, bu mümkündür. Mən bir neçə rus oliqarxı tanıyıram, çox xoş insanlardır”.

Bu açıqlama ABŞ ictimaiyyətində və beynəlxalq müşahidəçilər arasında tənqid doğura bilər. Xüsusilə, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi və Qərbin tətbiq etdiyi sanksiyalar fonunda belə şəxslərə ABŞ-də yaşamaq vəsaiti təklif etmək təkcə iqtisadi deyil, həm də siyasi risklər doğura bilər.

Yeni “qızıl kart” proqramı ABŞ-nin immiqrasiya sistemində mühüm dönüş nöqtəsi ola bilər. Bu təşəbbüs bir tərəfdən zəngin investorlar üçün “qapını açır”, digər tərəfdən isə ABŞ dövlət borcunun azaldılması üçün alternativ maliyyə mənbəyinə çevrilir. Lakin proqramın demokratik və sosial bərabərlik prinsipləri ilə nə dərəcədə uzlaşacağı hələ də müzakirə mövzusudur.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol