Ağ Ev İranla bağlı yeni sanksiyaları dayandırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu nəşri “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, Ağ Evin sözçüsü Karolin Leavitt tərəfindən Dövlət Departamenti, Xəzinə Nazirliyi və Milli Təhlükəsizlik Şurasına göndərilən göstərişdə İranla bağlı bütün sanksiya tədbirlərinin dondurulması tələb olunub.

“WSJ”-yə görə, bu qərar mayın sonunda verilib və onunla bağlı heç bir rəsmi bəyanat səsləndirilməyib.

Göstərişdə “İrana qarşı tətbiq olunacaq yeni sanksiyalarla bağlı bütün fəaliyyətlər dərhal dayandırılsın” ifadəsi yer alıb.

Karolin Leavittin köməkçisi Anna Kelli məsələ ilə bağlı “WSJ”-yə açıqlamasında bu iddianı nə təsdiqləyib, nə də təkzib edib.

“Ağ Ev və ya müvafiq strukturlar bu barədə yeni qərar açıqlaya bilər”, – deyə o, bildirib və vəziyyətin hələ də qeyri-müəyyən olduğunu qeyd edib.

WSJ-nin analizinə görə, ABŞ İranla bağlı sonuncu dəfə 21 may tarixində məhdudlaşdırıcı tədbir tətbiq edib. Həmin vaxtdan sonra isə Xəzinə Nazirliyi yeni sanksiyaları ən azı iki dəfə təxirə salıb. Bununla belə, İranın neft satışı və dondurulmuş maliyyə aktivləri ilə bağlı əsas məhdudiyyətlərin hələ də qüvvədə qaldığı bildirilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 30 mayda verdiyi bəyanatda İranla nüvə proqramı üzrə razılaşmanın yaxın zamanda imzalana biləcəyini söyləyib.

“AzPolitika.info”