ABŞ Ukrayna və Rusiya arasında atəşkəs razılaşmasının əldə olunmasının mümkünlüyünə əmindir.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Brüsseldə keçirilən forumda deyib.
Kelloq Brüsseldə German Marşal Fundun forumunda çıxışı zamanı bildirib ki, ABŞ tərəfi Ukrayna və Rusiyanın təqdim etdiyi atəşkəs sənədləri ilə tanış olub və onların uzlaşdırıla biləcəyinə inanır.
Kelloqun sözlərinə görə, Amerika tərəfi Kiyev və Moskvanın təqdim etdiyi atəşkəs memorandumlarını ətraflı öyrənib: "Biz Ukrayna sənədini, sonra Rusiya sənədini götürdük - bunu memorandum adlandırırlar... Və biz dedik: "Yaxşı, biz bu iki sənədi yekun varianta çatdırmaq üçün necə birləşdirə bilərik?" İndi biz özümüzü kifayət qədər əmin hiss edirik. Biz yekun sülhün necə ola biləcəyini və necə görünməli olduğunu bilirik".
Onun sözlərinə görə, ABŞ üçün müharibədə “qələbə” onun bitməsi olacaq. Kelloq əlavə edib ki, ABŞ davamlı sülh razılaşmasının əldə olunacağına ümid edir.
"Atəşkəs yerində – yəni tərəflərin real olaraq olduqları mövqelərdə baş verməlidir", – deyə o əlavə edib.
Kelloq həmçinin qeyd edib ki, sülhə gedən yolda Rusiya və Ukrayna bütün uşaqları və hərbi əsirləri geri qaytarmalıdır. Onun fikrincə, bu, atəşkəsin uzunmüddətli və dayanıqlı olması üçün vacib şərtdir.
Bundan əlavə, ABŞ nümayəndəsi sülh üçün növbəti addımın Rusiyanın yenidən beynəlxalq təşkilatlara, o cümlədən təhlükəsizlik və silahsızlanma ilə məşğul olan qurumlara – keçmişdə mövcud olmuş Millətlər Liqasına bənzər strukturlara qayıtması ola biləcəyini vurğulayıb.
Kelloq çıxışında onu da bildirib ki, müharibə nəticəsində hər iki tərəfin toplam itkiləri 1,2 milyondan çox olub – ölən və yaralananlar daxil olmaqla.
Xüsusi nümayəndə Ukrayna Prezidenti Volodimir Zelenskinin rolunu ayrıca şərh edib və onu yüksək qiymətləndirib: "Abraham Linkolndan sonra prezident Zelenski kimi vəziyyətə düşən Amerika prezidenti olmayıb. O, öz torpağında xalqının sağ qalması üçün müharibə aparır".
“AzPolitika.info”

Şərhlər